EN

Deputat: Azərbaycanın Mərkəzi Asiyada artan rolu ölkəmizi qlobal proseslərin daha fəal iştirakçısına çevirir

Bakı, 17 noyabr, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı qismində qoşulması barədə qəbul edilən həmrəyliyi gücləndirərək, qarşılıqlı fayda gətirəcək və hər iki tərəf bundan yararlanacaq. Mərkəzi Asiya ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, “Mərkəzi Asiya+” formatı bu regionun beynəlxalq nüfuzunu daha da artıracaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat bildirib ki, Azərbaycanın siyasi və iqtisadi gücü, qlobal aktor kimi artan rolu Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşməsinə zəmin yaradır. Hər zaman Mərkəzi Asiya ölkələri ilə yüksəksəviyyəli əlaqələrə malik ölkəmiz artıq bu regionun bütün müzakirələrində tamhüquqlu üzv kimi təmsil olunacaq. Azərbaycanın və Mərkəzi Asiya regionunun xüsusi diqqət mərkəzində olduğunu vurğulayan K.Nurullayeva qeyd edib: “Hər iki tərəfin əlverişli coğrafi mövqeyi, burada mövcud olan təbii resurslar, həmçinin yeni yaradılan strateji nəqliyyat infrastrukturu qarşılıqlı əməkdaşlığın dərinləşməsini şərtləndirir. Yeni reallıqlar fonunda Mərkəzi Asiya regionu nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Xüsusilə ABŞ və Avropa İttifaqının Mərkəzi Asiyaya xüsusi diqqət yetirdiyini görürük. Bir müddət əvvəl Səmərqənddə Aİ-Mərkəzi Asiya müzakirələri keçirildi, bu günlərdə isə region ölkələrinin dövlət başçıları ABŞ-a dəvət olundu. Bu vaxta qədər mineral resurslar, energetika və nəqliyyat sahələrrində ümumilikdə 17 milyard dollarlıq saziş imzalanıb”.

Deputatın sözlərinə görə, Mərkəzi Asiyanın malik olduğu iqtisadi potensial, xüsusilə Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin işə düşməsi isə bütün tərəflər üçün yeni imkanlar yaradacaq. Azərbaycanın həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri ilə strateji münasibətləri ölkəmizin bu platformada təmsilçiliyini zəruri edirdi. O da aydındır ki, Mərkəzi Asiyaya ən əlverişli çıxış məhz Cənubi Qafqaz regionu və Xəzər dənizindən təmin olunur. Məşvərət Görüşündə də qeyd olundu ki, Azərbaycanın iştirakı ilə formatın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq perspektivləri açacaq.

“Azərbaycan Prezidenti son üç ildə Mərkəzi Asiya ölkələrinə 14 dəfə səfər edib, sözügedən region ölkələrinin dövlət başçıları isə Azərbaycana 23 dəfə səfər ediblər. Dövlətimizin başçısı bir daha vurğuladı ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiona çevrilib.

“Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpüdür. Azərbaycanın Mərkəzi Asiyada artan rolu bu regionu regional və beynəlxalq proseslərin daha fəal iştirakçısına çevirəcək”, - deyə Könül Nurullayeva fikirlərini tamamlayıb.

Chosen
27
6
azertag.az

10Sources