Son onillikdə həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada baş verən siyasi, iqtisadi və təhlükəsizlik prosesləri bu iki coğrafiyanın qarşılıqlı asılılığını nəzərəçarpacaq dərəcədə artırıb.
Qlobal güc balansının dəyişməsi, enerji və nəqliyyat marşrutlarının yenidən qurulması, böyük dövlətlərin regiona artan marağı, iqtisadi inteqrasiya ehtiyacı Cənubi Qafqazla Mərkəzi Asiyanın vahid regional məkan kimi formalaşması ideyasını daha aktual edib. Hərçənd bu iki bölgə tarixi, mədəni və iqtisadi baxımdan müəyyən oxşarlıqlara malik olsa da, onlar uzun müddət fərqli siyasi bloklara daxil olub və müxtəlif geosiyasi təsirlər altında inkişaf ediblər. Buna baxmayaraq, XXI əsrin yeni reallıqları iki regionun qarşılıqlı yaxınlaşmasını həm mümkün, həm də zəruri edir. Bütün bunlar fonunda cari ilin noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü, burada qəbul edilən qərarlar xüsusi diqqət cəlb edir.
Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın da tamhüquqlu əsasda qoşulduğu yeni format yaradılıb. Məsələ ilə bağlı tədbirdəki çıxşında prezident İlham Əliyev bildirib: “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq”. Bütün bunlar o deməkdir ki, Azərbaycan Cənubi Qafqazın statusunu yeni səviyyəyə qaldırır. Ölkə bu regionun inkişafını artıq Mərkəzi Asiya ilə də əlaqələndirir. Yəni Cənubi Qafqazdan imtina edilmir. Əksinə, onun inkişafı üçün Azərbaycan sayəsində yeni perspektivlər açılır. Qeyd edək ki, Cənubi Qafqaz və Mərkəzi Asiya Avrasiya qitəsinin mərkəzində yerləşən strateji məkanlardır. Rusiya, Çin, Türkiyə, İran və Qərb kimi böyük güclərin geosiyasi maraqları bu regionları qlobal siyasətin ön səhnəsinə çıxarır. Cənubi Qafqazda Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində əldə olunmuş yeni balans, Mərkəzi Asiyada isə Əfqanıstan amilinin zəifləməsi geosiyasi xəritədə yeni imkanlar yaradır. Bu fonda Azərbaycan xüsusi rol oynayır. Azərbaycanın həm Cənubi Qafqaz, həm də türk dünyası ilə körpü funksiyası, Türkiyənin isə NATO üzvü olaraq regionda artan nüfuzu Mərkəzi Asiya ilə inteqrasiyanı sürətləndirir. Türkdilli dövlətlərin siyasi platforması olan Türk Dövlətləri Təşkilatının genişlənməsi isə iki regionu vahid geosiyasi məkan kimi konsolidasiya edir.
İki regionun vahid məkana çevrilməsinin ən mühüm istiqamətlərindən biri nəqliyyat-logistika əlaqələridir. Qlobal ticarətin şərqdən qərbə yönələn əsas axınları üçün alternativ və təhlükəsiz marşrutlara olan ehtiyac Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini önə çıxarır. Bu baxımdan, Azərbaycan üzərindən keçən Orta Dəhliz strateji əhəmiyyət kəsb edir. Orta Dəhliz Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə xətti ilə Avropaya çıxışı təmin edir və Şimal Dəhlizi ilə müqayisədə daha təhlükəsiz və sürətli alternativ kimi qəbul edilir. Cənubi Qafqazda sülh prosesinin irəliləməsi, Zəngəzur dəhlizi ideyasının gündəmdə olması və region ölkələrinin nəqliyyat infrastrukturuna böyük sərmayələr qoyması inteqrasiyanın iqtisadi əsaslarını gücləndirir. Bundan başqa, enerji sahəsində də əməkdaşlıq perspektivləri genişdir. Azərbaycan qazının Avropaya nəqli və bu şəbəkənin Mərkəzi Asiya qazı ilə birləşdirilməsi imkanı iki bölgənin enerji bazarını faktiki inteqrasiya edə bilər. Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana ötürülməsi potensialı Avropanın enerji təhlükəsizliyini artıra, həm də vahid regional enerji sisteminin yaranmasını sürətləndirə bilər. Cənubi Qafqaz və Mərkəzi Asiya arasında dərin tarixi əlaqələr mövcuddur. Türk xalqlarının ortaq dil, mədəniyyət və ənənələrə əsaslanan yaxınlığı inteqrasiya prosesini sosial-mədəni müstəvidə də gücləndirir. Xüsusilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında humanitar əməkdaşlıq və təhsil proqramları gənc nəsillər arasında qarşılıqlı anlaşmanı və ortaq kimlik hissini inkişaf etdirir. Bu yaxınlıq müasir dövrdə siyasi qərarların qəbulunu da asanlaşdırır. Türk Dövlətləri Təşkilatının ideoloji əsaslarının güclənməsi və iqtisadi mexanizmlərinin genişləndirilməsi Cənubi Qafqaz–Mərkəzi Asiya inteqrasiyasının sosial-siyasi dayaqlarını formalaşdırır. Hazırkı beynəlxalq mühitdə təhlükəsizlik məsələləri iki regionu daha sıx əməkdaşlığa sövq edir. Terrorizm, sərhəd təhlükəsizliyi, enerji infrastrukturunun qorunması və kibertəhlükəsizlik kimi sahələrdə vahid yanaşma təkcə regional stabilliyi artırmır, həm də hər bir ölkənin milli təhlükəsizliyini gücləndirir. Azərbaycanın hərbi-siyasi təcrübəsi, Türkiyənin müdafiə sənayesindəki sürətli inkişafı və Mərkəzi Asiya dövlətlərinin regional sabitlikdə oynadığı rol gələcəkdə vahid təhlükəsizlik məkanının yaranmasına zəmin yarada bilər. Bu istiqamətdə birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı və informasiya mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Cənubi Qafqazla Mərkəzi Asiyanın vahid regiona çevrilməsi artıq sadəcə ideya deyil, Azərbaycan sayəsində konkret iqtisadi, siyasi və mədəni əsaslara söykənən real prosesdir.
Tahir TAĞIYEV