AZ

Azərbaycanın regional əməkdaşlıqda rolu ARTIR

“Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət İclasında iştirakı  böyük hadisədir. Bu, onu göstərir ki, Azərbaycanın gələcək inkişaf vektorları artıq bəllidir və siyasi əməkdaşlıq istiqamətləri müəyyən olunub".

Bunu "Cebheinfo.az"-a  açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Orta Dəhliz ölkələri ilə münasibətləri inkişaf etdirir:

"Söhbət Çindən başlayaraq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən keçən Mərkəzi Orta Dəhlizdən gedir. Buna görə də Azərbaycanın Cənubi Qafqazda, xüsusilə Gürcüstan və Türkiyə ilə xüsusi strateji münasibətləri mövcuddur. Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlər normallaşır və Mərkəzi Asiya ölkələri ilə əlaqələr getdikcə daha da güclənir". 

Turab Rzayev qeyd edib ki, Azərbaycan uzun illərdir Mərkəzi Asiya dövlətləri ilə xüsusi münasibətlər formalaşdırıb:

"İndiyə qədər Mərkəzi Asiya ölkələri ilə bizim xüsusi münasibətlərimiz olub. Bütün Türküstan coğrafiyası ilə çox yaxşı əlaqələrimiz var. Məsələn, Azərbaycan Prezidentinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda yüksək səviyyədə qarşılanması, ikitərəfli münasibətlərin dərinliyi bunu bir daha təsdiq edir. Azərbaycan Özbəkistan və Qırğızıstanla ortaq fond yaradıb. Qazaxıstanla logistika və enerji sahəsində xüsusi əməkdaşlığımız mövcuddur. Özbəkistanda SOCAR artıq yeni qaz yataqları kəşf edir. Türkmənistanla ortaq layihələr həyata keçirilir. Qırğızıstanla da əlaqələr genişlənir".

Politoloq vurğulayıb ki, Mərkəzi Asiya ölkələri xarici təhdidlərə qarşı birləşməyə və regional güc kimi çıxış etməyə çalışır:

"Bundan başqa, Mərkəzi Asiya ölkələri xarici təhdidlərə qarşı birləşmək və iqtisadi-siyasi baxımdan daha böyük güc kimi çıxış etmək üçün birgə addımlar atır. Biz bunu müxtəlif ölkələrlə “5+1” formatında keçirilən görüşlərdə də görürük. Mərkəzi Asiya dövlətlərinin Çin, Rusiya, Avropa İttifaqı və digər tərəfdaşlarla formatları buna nümunədir. Xüsusilə ABŞ-nin Mərkəzi Asiyaya artan marağı göz önündədir. Son zamanlar ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya ölkələri ilə “5+1” formatında görüşündə Azərbaycanın da bu formata əlavə edilə biləcəyi səsləndirilib".

Turab Rzayev əlavə edib ki, Azərbaycan Prezidentinin Mərkəzi Asiya liderlərinin görüşünə birbaşa dəvət olunması da mühüm mesaj kimi dəyərləndirilməlidir:

"Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinin Məşvərət görüşünə birbaşa dəvət olunması isə onu göstərir ki, Azərbaycan Türküstan coğrafiyası ilə daha yaxın əlaqələr qurmaqda maraqlıdır. Həmin ölkələr də Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar ki, bu səbəbdən Prezident İlham Əliyev xüsusi qonaq kimi tədbirə dəvət edilib.

Əlbəttə ki, təkcə ikitərəfli deyil, çoxtərəfli əməkdaşlıq məsələləri də müzakirə olunur. Yəni artıq Mərkəzi Asiya ölkələri ilə enerji, iqtisadiyyat, nəqliyyat-logistika, təbii mineralların ixracı kimi sahələrdə böyük perspektivlər mövcuddur".

Politoloq bildirib ki, bütün bu proseslər Azərbaycanın regional əməkdaşlıqda artan rolunu təsdiqləyir:
"Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinin, xüsusilə Özbəkistan və Qazaxıstanın, eləcə də Türkmənistanın məhsullarının Avropaya çıxışı üçün aparıcı ölkələrdən biridir. Təsadüfi deyil ki, Qazaxıstan və Özbəkistanın Avropa üçün strateji əhəmiyyət daşıyan uran filizlərinin Azərbaycan üzərindən alternativ marşrutlarla daşınması barədə fikirlər irəli sürülür. Bu filizlər, məsələn, Fransanın enerji təminatında böyük rol oynayır. Bütün bunlar onu göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatında olduğu kimi, Mərkəzi Asiya liderlərinin toplantılarında da bu ölkələrlə strateji əməkdaşlığı genişləndirməkdə maraqlıdır".

Seçilən
16
50
cebheinfo.az

10Mənbələr