AZ

Azərbaycan bu gün Mərkəzi Asiyanın ayrılmaz strateji tərəfdaşıdır – Tənzilə Rüstəmxanlı yazır

Tənzilə

Azərbaycan və Mərkəzi Asiya dövlətləri ortaq tarixi kökləri, mədəni irsi və etnik yaxınlığı ilə böyük bir geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi hər iki tərəfin fiziki sərhədlərini ayırsa da, əslində, bu regionun ən mühüm birləşdirici amilidir.

Müsahibədə dövlətimizin başçısının vurğuladığı kimi, bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə görüşündə dövlət başçısının üçüncü dəfə iştirakı da bu əməkdaşlığın ardıcıl və uzunmüddətli siyasi xəttə çevrildiyini göstərir.

Sammitdə qeyd olundu ki, Mərkəzi Asiya dövlətləri Azərbaycanı “strateji nəqliyyat körpüsü” olaraq görür. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında investisiya portfelinin həcminin artması, xüsusilə Özbəkistanla ikitərəfli layihələrin güclənməsi söylədiklərimizi bir daha isbatlayır.

Təkcə son üç ildə Mərkəzi Asiya liderlərinin Azərbaycana 30-a yaxın səfəri, həmçinin Prezident İlham Əliyevin 13 səfəri qarşılıqlı etimadın dərinliyinin göstəricisidir. Azərbaycan–Qazaxıstan–Özbəkistan üçtərəfli əməkdaşlığı Mərkəzi Asiyada yaşıl enerji və elektrik inteqrasiyası istiqamətində yeni reallıq yaradır.

Bu, regionun həm enerji təhlükəsizliyinə, həm də bərpaolunan enerji potensialına töhfə verir. Mədəni-humanitar əməkdaşlıq isə iki xalq arasında yaxınlığın dərin, tarixi əsaslara söykəndiyini göstərir. Bu dinamikanın mərkəzində, şübhəsiz ki, Azərbaycan–Özbəkistan münasibətləri dayanır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin son il yarım ərzində Azərbaycana 5 dəfə səfəri, imzalanan müttəfiqlik sənədləri və qarşılıqlı strateji inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının gücləndirilməsində də aparıcı rola malikdir.

Hər iki dövlət Türk dünyasının birliyi, ortaq iqtisadi məkanın formalaşdırılması, mədəni-mənəvi dəyərlərin qorunması və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Son illərdə Azərbaycan – Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişafı göstərir ki, bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir.

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Mərkəzi Asiya dövlətləri üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu görüş regionda əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi və uzunmüddətli sabitliyin qurulması üçün vacib platformadır. Azərbaycanın da bu formatda rolu artaraq, Mərkəzi Asiyanın nəhəng iqtisadi və geosiyasi xəritəsində daha üstün mövqeyə yüksəlməkdədir.

Bu görüş həm Azərbaycan–Özbəkistan, həm də Azərbaycan–Mərkəzi Asiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Regional təhlükəsizlik, nəqliyyat şəbəkələri, enerji inteqrasiyası və türk birliyi çərçivəsində əməkdaşlıq perspektivləri iki ölkənin qarşıdakı illərdə daha sıx siyasi və iqtisadi sinxronlaşma yolu ilə irəliləyəcəyini göstərir. Prezident İlham Əliyevin səfəri siyasi, iqtisadi və humanitar müstəvidə bu strateji xəttin davamlı olduğunu bir daha təsdiqlədi.

 

Seçilən
29
50
moderator.az

10Mənbələr