“Son illərdə ölkəmizdə avtomobil sayının sürətlə artması şəhər daxilində nəqliyyatın idarə olunmasını, eləcə də küçə parklanmasının səmərəli tənzimlənməsini zəruri edir”.
Poliqon xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarətində olan ödənişli parklanma yerlərində avtomobillərin fiziki təhlükəsizliyi və sığortalanması məsələsi bu gün aktual hüquqi boşluqlardan biridir. Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi bir sıra ciddi mənfi nəticələr doğurur. Ən əsas problem ondan ibarətdir ki, vətəndaş parklanma üçün ödəniş etdiyi halda, parklanma yerində avtomobilinə dəyən zərərə görə, o, heç bir təminat almır.
Mövcud vəziyyət həm sosial narazılıq yaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadı zəiflədir.
Bu məqsədlə təklif edirəm ki, ödənişli parklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dair məsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin. Parklanma haqqına minimal sığorta komponenti inteqrasiya edilsin və sürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıq şəkildə daxil edilsin”, deputat bildirib.
Poliqon.info