“Sevilya”nın braziliyalı müdafiəçisi Markao İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi tərəfindən sərt cəzalandırılıb.
Arena.az xəbər verir ki, buna İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilmiş “Real” – “Sevilya” matçından sonra baş verənlər səbəb olub.
Futbolçu görüşün baş hakimi Alexandro Munyis Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyi, qeyri-idman davranışı sərgilədiyi və ikinci sarı vərəqənin ardından meydandan qovulduğu üçün 6 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Beləliklə, Markaonun fevralın ortasına qədər rəsmi matçlarda meydana çıxa bilməyəcəyi müəyyənləşib. “Sevilya”nın qərardan şikayət etmək hüququ olsa da, cəzanın azalma ehtimalının cüzi olduğu vurğulanıb.
Xatırladaq ki, “Real” – “Sevilya” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Markao “Sevilya”ya 2022-ci ilin yayında 13 milyon avro müqabilində “Qalatasaray”dan keçib. 29 yaşlı müdafiəçi İspaniya klubunun heyətində indiyə qədər 49 oyuna çıxıb, 2 qola imza atıb.
Braziliyalı futbolçu əvvəllər “Qalatasaray”, “Rio Ave”, “Şaveş”, “Atletiko Paranaense”, “Ferroviariya”, “Quaratinqeta”, “Avai”, “Atletiko Qoyanense” kimi klublarda da çıxış edib.
