Beş qat "Qızıl Top" mükafatçısı Kriştianu Ronaldu bildirib ki, peşəkar karyerasında 1000 qol həddinə çatmasına yalnız zədələr mane ola bilər.
40 yaşlı portuqaliyalının hesabında 956 qol var.
"Harada oynamağımdan asılı olmayaraq, Yaxın Şərqdə və ya Avropada, mən həmişə kuboklar qazanmaq və hamınızın bildiyi rəqəmə çatmaq istəyirəm. Əminəm ki, zədələnməsəm, bunu (1000 qol həddini) edəcəyəm", - Ronaldu “RMC Sport”-a belə deyib.
Ronaldu "Qızıl Top"un beş qat sahibi, Çempionlar Liqasının beş qat qalibi, Avropa çempionu, Millətlər Liqasının iki qat qalibi, milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən yaxşı bombardirdir.
Ronaldu klub səviyyəsində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real", İtaliyanın "Yuventus" klublarında çıxış edib, hazırda isə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayır. Kriştianu, 2026-cı il Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanmış Portuqaliya yığmasının kapitanıdır.
Almaz Həsənli