EN

Rafa Silva “Beşiktaş”ı “Benfika”ya dəyişdi – ARENA.AZ

“Beşiktaş”ın hücumameyilli yarımmüdafiəçisi Rafa Silva bundan sonra Portuqaliyanın “Benfika” klubunda forma geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 32 yaşlı futbolçunun “Benfika”ya keçidi ilə bağlı Portuqaliya klubu ilə razılıq əldə edilib. Silvanın köhnə-yeni klubu ilə sözləşməsinin müddəti və digər detalları açıqlanmır.

Xatırladaq ki, Rafa Silva “Beşiktaş”a 2024-cü ilin yayında məhz “Benfika”dan azad agent kimi keçmişdi. O, “qara qartallar”ın heyətində 65 oyun keçirib, 23 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Peşəkar karyerasına “Feyrense” klubunda başlamış Rafa Silva daha sonra “Braqa” və “Benfika”da oynayıb. 31 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə məhz Türkiyədə legioner həyatı yaşayıb.

Silva vaxtilə “Benfika”nın heyətində bütün turnirlərdə 326 oyun keçirib, 94 qol və 79 məhsuldar ötürmə müəllifi olub. O, “Braqa”da 127 (26 qol, 18 assist), “Feyrense”də isə 47 (11 qol) oyun keçirib.

Portuqaliya millisində 2014-cü ilin martında debüt etmiş Rafa yığmada 25 oyun keçirib, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
53
9
arena.az

10Sources