“Qəbələ”nin məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının 17-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü “Qəbələ”nin 4:0 hesablı qələbəsiylə yekunlaşıb.
George Çixradze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Komandanı təbrik edirəm. Oyuna çox yaxşı hazırlaşmışdıq. Bilirdik ki, möhkəm kollektivə qarşı oynayacağıq. Ayın 4-dən təlim-məşq toplanışına başladıq. Bütün hazırlığı məhz birinci oyuna uyğun qurmuşduq. “Şamaxı” mövsümün əvvəlində oynadığı sistemi sonradan dəyişmişdi. Ona görə də rəqibin hər iki oyun sistemini təhlil etmişdik. Yeni transferlərimiz bu gün çox yaxşı təsir bağışladılar. Onlar artıq komandaya uyğunlaşıblar.
Seydina Keyta mərkəz müdafiəçisi olsa da, bu gün məcburiyyətdən yarımmüdafiədə oynatdıq. Hələ də dayaq yarımmüdafiəçisi mövqeyinə futbolçu gözləyirik. Xayme cəzalı durumda olduğu üçün bu gün orada Keyta oynadı. Bu gün pis təsir bağışlamadı.
Turan Manafovun transferi üzərində çalışırıq. Təcrübəli yerli oyunçudur. Amma hələ ki, transfer rəsmiləşməyib. Danışıqlar davam edir.
Bütün komandaların güclənməyə ehtiyacı var, xüsusən də, birinci liqadan gələn komandasansa. Sadəcə olaraq, mövsümün ilk yarısında çalışdıq ki, birinci liqadan yüksələrkən bizimlə olan futbolçuları qoruyaq. Amma gedişat onu göstərdi ki, güclənməyə ehtiyac var. Premyer Liqada yerimizi qorumağa çalışırıq”.
