Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
BAKU.WS Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının dosyesini təqdim edir:
Tahir Yaqub oğlu Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində doğulub.
1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir.
1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının, 2021-ci il martın 5-dən isə YAP İdarə Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixli Sərəncamı ilə Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 dekabr tarixli 439 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Evlidir, üç övladı var.