EN

Sertifikatlaşdırma imtahanlarında maksimum nəticə göstərən10 müəllimə TəhsilPlus kartları təqdim olunub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 mart, AZƏRTAC

Martın 4-də keçirilən “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə üç dövlət qurumu ilə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb.

AZƏRTAC xəbər verir ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli Fondun fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurduğunu diqqətə çatdırıb.

Nicat Məmmədli bildirib ki, “TələbəPlus” kartından sonra “TəhsilPlus” kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sistemində aparılan islahatların əsas hədəfinin müəllimlərin sosial rifahının və peşəkar motivasiyasının gücləndirilməsi olduğunu söyləyib.

Nazir müavini qeyd edib ki, “TəhsilPlus” layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirərək, onların sosial təminat imkanlarını genişləndirəcək, əlavə güzəşt və üstünlüklər təqdim edəcək.

“Kapital Bank”ın İdarə Heyətinin üzvü, baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında qeyd edib ki, “TəhsilPlus” kartı ilə minlərlə təhsil işçisi üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaradılıb. Təqdim edilən güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi onların gündəlik həyatına töhfə verəcək. Bu layihənin önəmli tərəflərindən biri də onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır.

“Mastercard” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar innovasiyanın inklüzivliklə paralel şəkildə inkişaf etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, “TəhsilPlus” kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaratmasının bariz nümunəsidir. Engin Yaşar Azərbaycandakı güclü tərəfdaşlıqlar vasitəsilə maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam etdiklərini qeyd edib.

Rəsmi çıxışların ardınca, “TəhsilPlus” kartının tanıtım çarxı nümayiş olunub.

Daha sonra Təhsilin İnkişafı Fondunun şöbə müdiri Rəsul Həşimov “TəhsilPlus” kartının tətbiq mexanizmi və funksional imkanları barədə geniş təqdimat edib.

Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb. İmzalanmış sənədlər TəhsilPlus kartının təhsilin bütün pillələrində tətbiqinin təmin olunmasına xidmət edir.

Sonda 2022-2025-ci illərdə keçirilmiş sertifikatlaşdırma imtahanlarında maksimum nəticə (60/60 bal) göstərmiş 10 müəllimə “TəhsilPlus” kartları təqdim olunub. Müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.

Qeyd edək ki, təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət TəhsilPlus kartından istifadə imkanı əldə edəcək.

Aysel Azadqızı – müxbir

İlqar Cəfərov – fotoqraf

Vüsal Tağıyev – operator

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
9
azertag.az

10Sources