Ermənistanın baş naziri Nikol Paşinyanın martın 11-də Avropa Parlamentindəki çıxışında əhəmiyyətli etirafları var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a özəl açıqlamasında deyib. Analitik Ermənistanın hökumət başçısının çıxışından bəhs edərkən bildirib: “Birincisi, Paşinyan etiraf edib ki, əgər Ermənistan 2024-cü ilin aprelində Azərbaycanla sərhəd demarkasiyası prosesinə başlamaq qərarını verməsəydi, bu gün Ermənistan müstəqil dövlət deyil, ən çox xarici hakimiyyət altında olan ərazi olardı. Paşinyan “xarici hakimiyyət” dedikdə Rusiyanı nəzərdə tutub. İkincisi, Paşinyan kilsənin Azərbaycanla sərhədin müəyyənləşməsinin əleyhinə olduğunu təsdiqləyib.Paşinyan bununla erməni kilsəsinin bölgədə düşmənçilik toxumu səpdiyinə işarə edib. Ermənistanın baş naziri buna nümunə kimi kilsənin “Qarabağ hərəkatı”nı başlatmaqla Ermənistanı illər boyu Azərbaycanla düşmənçiliyə sürüklədiyini göstərib. Bu da vacib etirafdır”.
E.Şahinoğlu Avropada səslənən etirafların səbəbinin olduğunu vurğulayıb: “Paşinyan müharibədə məğlub olmasaydı, çətin ki bu etrafları edərdi. Paşinyanın dezinformasiya şəbəkəsinin başında kilsə ilə əlbir olan müxalifətin dayandığını söyləməsi də əhəmiyyətlidir. Bu şəbəkə Azərbaycana qarşı da dezinfomasiya işinin başında dayanır”.
Qeyd edək ki, Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında yeni müharibəyə yol verməyəcəklərini bildirib. E.Şahinoğluın reaksiyası belə olub: “Təki söylədiyi kimi olsun. Ancaq məsələ burasındadır ki, onu hakimiyyətdən salmaq istəyən qüvvələr fərqli düşünürlər və onlar bölgədə təhlükə mənbəyidirlər. Nikol Paşinyan ötən ilin 8 avqustunda Vaşinqtonda Prezident İlham Əliyevlə imzalanan sənədləri yüksək qiymətləndirib. “Tramp yolu”nun tikintisinə başlayacaqlarını bildirən Paşinyan gecikməyə yol verməyəcəklərini vəd edib. Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Qarabağı tərk edən ermənilərin Ermənistan vətəndaşı olmaları vacibliyini bir daha səsləndirib”.
Ekspert xatırladıb ki, Azərbaycan hədəfinə çatıb, ərazi bütövlüyünü təmin edib və bölgədə sülh və əməkdaşlıqda maraqlıdır: “Prezident İlham Əliyev martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə bu fikirlərini bir daha təkrarlayıb. “Biz cəmi yeddi aydır sülh şəraitində yaşayırıq” deyən İlham Əliyev sülhün davam edəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı nümunə kimi Azərbaycanın Ermənistanla ticarətə başlamasını və qonşu ölkəyə neft məhsullarının ixracını göstərib. Buna baxmayaraq, Ermənistanda keçirilən son sorğunun nəticələri göstərir ki, ermənilərin əksər hissəsi Azərbaycan və Türkiyə ilə sülhün və əməkdaşlığın əleyhinədir. Paşinyan bu barədə ciddi düşünməli, cəmiyyətini sülhə və əməkdaşlığa hazırlamalıdır”.
E.Paşasoy,
Musavat.com