Madrid “Atletiko”sunun ispaniyalı mərkəz yarımmüdafiəçisi Pablo Barrios komandasının son məşqlərinin birində zədələnib.
Arena.az AS nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi məşq zamanı əzələ ağrısı hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.
O, ötən ay, İspaniya Kubokunda “Betis”lə matçda da zədə almışdı. Futbolçunun bərpa müddəti və sıraya dönmə tarixi açıqlanmır.
Pablo Barrios karyerasının ilk illərində “Moratalaz” və Madrid “Real”ının futbol akademiyalarında da çıxış edib. 2017-ci ildən Madrid “Atletiko”sunun sıralarında olan yarımmüdafiəçi 2022-ci ildə əsas komandaya cəlb olunub. O, cari mövsümdə meydana çıxdığı 33 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Barrios “Atletiko”nun heyətində bütövlükdə 138 oyun keçirib, 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniyanın U-19, U-21 və Olimpiya yığmalarında da oynamış Barrios, 2024-cü ilin noyabrında əsas millidə debüt edib. O, yığmanın heyətində 4 oyun keçirib.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.
