EN

Rəşad Sadıqov: “Hər iki epizod penalti idi” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun bizim üçün yaxşı başladı, təhlükəli hücumlarımız oldu. Birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdıq. Ondan sonra 5-10 dəqiqə oyunumuzda eniş oldu, rəqib daha üstün idi. Hətta 2-ci qolu vura bilərdilər. Hissənin sonlarına yaxın oyun bizim üçün daha yaxşı keçdi. 2:0-dan sonra oyunu dəyişdirmək çətin idi. Əvəzetmələr etdik, müəyyən effekt verdi. 2:1-dən sonra düşünürdük ki, rəqibi basqı altında saxlasaq, qol vurmaq ehtimalımız olar. Amma “Qarabağ” irəli atıldı və 3-cü qolunu vurdu. Bu gün meydanda güclü, yaxşı “Qarabağ” var idi. Futbolçularım əllərindən gələni etdilər. Mübarizə apardılar. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Oyun təbii olaraq “Qarabağ”ın dominantlığı ilə keçirdi. Amma bizim oyunçular da yaxşı əzmkarlıq göstərdilər, ruhdan düşmədilər. Ən azından bir xal qazanmaq istəyirdik. Bu cür “Qarabağ”a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın. “Qarabağ” sıx qrafikdə idi. Amma hazırda bütün fikirləri çempionatdadır.

Futbolçularımdan razıyam. Oyun planına sadiq qalırdılar. Futbolçular tapşırıqları yaxşı səviyyədə yerinə yetirdilər. Qarşıda yenə sıx qrafik olacaq. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı meydandakı zədədən sonra hələ də yoxdur. 5-6 aydır heç cürə bərpa ola bilmir. Brahim Konate zədədən sonra qayıdıb. Çalışırıq ki, formasını yığsın. Qismət Alıyevin qızdırması var idi. Onun yerini doldurmaq bizim üçün çətin idi. Qış fasiləsindən sonra komandamız pis çıxış etmir. Yeganə olaraq “Kəpəz”lə matçdan oyun baxımından məmnun deyiləm. O oyunla bağlı tənqidlərə də razıyam. Amma 1/4 finalı keçmişik, digər matçları qazanmışıq. “Sabah”, “Turan Tovuz” və “Qarabağ”a uduzmuşuq. Əlimizdən gələni etmişik, amma rəqib bizdən daha yaxşı olub. Klub olaraq yeni limitə uyğunlaşmağa ehtiyacımız var. Bütün oyunlara eyni limitlə çıxırıq. Yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın olmasıdır. Digər rəqiblər 10-11 legionerlər mübarizə aparırlar. Bu da bizim üçün növbəti illər üçün yaxşı dərs oldu”.

Rəşad Sadıqov hakimlikdən narazı qalıb

Sadıqov klubun büdcəsindən və transfer siyasətindən də söhbət açıb:

Mən də istəyərəm ki, büdcəmiz daha çox olsun, əminəm ki, rəhbərlik də onu istəyir. Bir qəpik kiməsə borcumuz yoxdur, hamıya qarşı ədalətli olmuşuq. Müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir. Bu gün vacib olan odur ki, sona qədər mübarizə aparaq. Rəhbərlik qarşımıza avrokuboklara düşmək kimi hədəf qoymamışdı. Mümkün şəraitdə ən yaxşısını etməyə çalışırıq. Avrokuboklara düşmək istəyirik. Rəhbərliyi, özümüzü, azarkeşlərimizi sevindirmək istəyirik”.

Rəşad Sadıqov hakimlərdən də şikayətlənib:

“Paltardəyişmə otağında telefonda baxdım, mübahisəli epizodların hər ikisi penalti idi. Nəticəyə necə təsir edərdi, başqa sualdır. Bizim üçün çox üstünlük olacaqdı. Rəqib daha çox basqı ilə oynaya bilərdi. İkinci penalti epizodu da 86-cı dəqiqədə idi, qol vursaydıq, 3:2… Maraqlı olan odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiniz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı… Əvvəlki oyunlarımızda da mübahisəli qərarları olub”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
32
1
arena.az

10Sources