Xalq artisti Siyavuş Kərimi Respublika Muğam Müsabiqəsi zamanı qaliblərə yerlərin pulla satılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, Xalq artisti “AStar TV”yə müsahibəsində deyilən fikirləri cəfəngiyyat adlandırıb.
“Şahların da arxasınca həmişə danışırlar. Qoy danışsınlar, amma cəfəngiyyatdır. Ağızlarına nə gəldi danışırlar. Belə boş söhbətlərə reaksiya vermirəm. Sübut etsinlər”, - S.Kərimi deyib.
Qeyd edək ki, ötən il keçirilən Muğam Müsabiqəsində qaliblərə yerlərin pulla satıldığına dair iddialar səsləndirilmişdi. Həmin vaxt müğənni Almaxanım Əhmədli verilişlərin birində belə demişdi: “Opera da, Milli Konservatoriya da mədəniyyət sahəsidir. Siyavuş Kərimi özü də bir Xalq artisti olmasına baxmayaraq, o gün müsahibəsində bildirib ki, fəxri adlar pulla verilib. Axı sən özün də yerləri pulla satırdın Respublika Muğam Müsabiqəsində və beynəlxalq müsabiqədəki qaliblərin yerlərini. Bu, iddia deyil”.
Xatırladaq ki, Siyavuş Kərimi 2001-2024-cü illərdə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsini icra edib.