EN

Diplomatik dialoq nəticə verdi, Rusiya ilə razılaşma mühüm mərhələnin başlanğıcıdır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi birgə bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bəyanatda bildirilib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

Qeyd olunub ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir.

“Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük”, bəyanatda qeyd olunub.

Rusiyadan

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a şərhində bildirib ki, Azərbaycan və Rusiya XİN-lərinin birgə bəyanatı “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus "Embraer 190" qəzası ilə bağlı mühüm diplomatik mərhələ kimi qiymətləndirilə bilər:

“Hadisənin səbəbinin hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti ilə izah olunması və kompensasiya məsələsində razılığa gəlinməsi tərəflərin məsuliyyətli və praqmatik yanaşma sərgilədiyini göstərir. Təəssüf ki, qəzanın 25 dekabr 2024-cü ildə baş verməsinə baxmayaraq, Rusiyanın cavabı bu qədər gecikdirməsi ölkələrimiz arasındakı münasibətlərdə gərginliyin yaranmasına səbəb oldu. Hətta 9 oktyabr 2025-ci ildə Düşənbədə dövlət başçılarının görüşündə Vladimir Putin bütün lazımı tədbirlərin görüləcəyini bildirsə də, sonradan dövlətin digər orqanlarının verdiyi açıqlamalar bu mövqeyə zidd oldu. Təbii ki, belə bir yanaşma ölkələrimiz arasındakı münasibətlərdə gərginliyin davam etməsinə yol açdı. Bu gün isə Azərbaycan və Rusiya XİN-in yaydığı birgə bəyanatda artıq bütün məsələlərə aydınlıq gətirildi və qəza ilə bağlı bütün prosedurların icra olunacağına dair əminlik yarandı”.

Deputat qeyd edib ki, bu razılaşma həm zərərçəkənlərin hüquqlarının təmin olunması, həm də iki ölkə arasında münasibətlərdə gərginliyin azaldılması baxımından əhəmiyyətlidir:

“Eyni zamanda bu razılaşma belə həssas hadisələrin gələcəkdə təkrarlanmaması üçün təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini bir daha gündəmə gətirir. Rusiya gördü ki, Azərbaycan özünün ədalətli tələblərindən geri çəkilmək niyyətində deyil, buna görə də iki ölkə arasındakı qonşuluq münasibətləri və etimadın qorunması üçün müvafiq addımların atılmasının vacib olduğunu başa düşdü. Azərbaycan Rusiya ilə münasibətlərinə həmişə yüksək dəyər verib. Ölkəmizin istəyi belə qəzalar baş verəndə beynəlxalq konvensiyaların tələblərinə uyğun prosedurların icrası idi. Təbii ki, Prezident İlham Əliyevin bu məsələyə həssas yanaşdığını və dəyişilməz mövqeyini də vurğulamaq lazımdır. AZAL təyyarəsi ilə bağlı dövlət başçımızın mövqeyinin dəyişməzliyi bütün məsələlərin ədalətli həll olunmasına və xalqımızın milli maraqlarına uyğun siyasətin davam etdirilməsinə yol açır”.

Nigar Həsənli
Musavat.com

Chosen
8
50
musavat.com

10Sources