AZ

Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı mərhələsində nələr gözlənilir?

Bu gün Bakı və Moskva arasında aparılan dialoq çərçivəsində AZAL-a məxsus Embraer 190 tipli təyyarənin 2024-cü il 25 dekabr tarixində baş vermiş qəzası ilə bağlı kompensasiya məsələsi həllini tapdı.

Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixində Azərbaycan və Rusiya Prezidentləri arasında əldə olunan anlaşmaya uyğun olaraq tərəflər bu istiqamətdə razılığa gəldilər.

Qəza ilə bağlı kompensasiyanın ödənilməsi üzrə qəbul edilən qərar, mürəkkəb və həssas xarakter daşıyan məsələlərin belə qarşılıqlı dialoq, siyasi iradə və konstruktiv əməkdaşlıq şəraitində həll oluna biləcəyini nümayiş etdirir.

Azərbaycan tərəfi prosesin bütün mərhələlərində prinsipial və ardıcıl mövqe sərgiləyərək ədalətin təmin olunması, şəffaflığın qorunması və zərərçəkənlərin hüquqlarının müdafiəsini əsas prioritet kimi müəyyən edib. Eyni zamanda, əldə olunan nəticə humanitar yanaşmanın və insan amilinin ön planda saxlanıldığını göstərir.

Qəbul edilən razılaşma Azərbaycan–Rusiya münasibətlərində dialoqun davamlılığını və əməkdaşlıq mexanizmlərinin effektivliyini bir daha təsdiqləyir.

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a söylədi ki, bir müddət əvvəl Rusiyanın istintaq orqanları AZAL təyyarəsi ilə bağlı araşdırmanı dayandıraraq işi bağlamışdı. Halbuki Azərbaycan və Rusiya prezidentləri Düşənbədə keçirilən görüş zamanı bu məsələni müzakirə etmiş, Putin hadisə ilə bağlı üzr ifadə etmiş və kompensasiya ödənilməsi məsələsinə baxılacağını bildirmişdi.

Sonrakı mərhələdə məsələnin gedişatında müəyyən fərqli yanaşmalar müşahidə olundu. Azərbaycan tərəfi isə mövcud vəziyyətə diqqətlə yanaşaraq, beynəlxalq hüquq və ikitərəfli razılaşmalar çərçivəsində məsələnin həllini gözlədiyini ifadə etdi. Rusiya tərəfi də humanitar və ikitərəfli qonşuluq əlaqələrini rəhbər tutaraq bu qərarı verdi.

Daha sonra Rusiya tərəfindən AZAL təyyarəsi ilə bağlı yeni açıqlama verildi və həlak olanların ailələrinə kompensasiya ödənilməsi ilə bağlı mövqe ortaya qoyuldu. Bu addım məsələnin qarşılıqlı anlaşma çərçivəsində həllinə yönəlik mühüm bir mərhələdir. Artıq Rusiya -Azərbaycan əlaqələrində dinamika iki dövlət və xalqların mənafeyinə uyğun inkişaf edəcək".

Politoloqun sözlərinə görə, Vladimir Putin və İlham Əliyev arasında aparılan son telefon danışığı da bu prosesə müsbət təsir göstərib: "Ümumilikdə, tərəflər arasında dialoqun davam etməsi və qarşılıqlı öhdəliklərin nəzərə alınması bu kimi məsələlərin həllində mühüm rol oynadı. Azərbaycan-Rusiya münasibətləri bundan sonra da qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf edəcək. Azərbaycan daim Rusiya ilə münasibətlərin inkişafına önəm verib. Tərəflər arasında əməkdaşlıq yeni siyasi reallıqlara uyğun olaraq davam edəcək".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr