BAKI, 15 aprel. TELEQRAF
“Müasir dövrdə Azərbaycan–Rusiya münasibətləri beynəlxalq müstəvidə artan qeyri-sabitlik fonunda inkişaf edir və bu münasibətlərin dayanıqlılığı artıq böhranların olmaması ilə deyil, onların necə idarə olunması ilə ölçülür. 2024-cü ilin dekabrında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin birgə bəyanatı məhz belə bir yanaşmanın — praqmatik, məsuliyyətli və strateji balansın qorunmasına yönəlmiş siyasətin göstəricisi oldu”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Aktau yaxınlığında baş vermiş faciə ciddi siyasi böhrana çevrilmək potensialına malik idi. Söhbət yalnız insan itkilərindən deyil, eyni zamanda təhlükəsizlik sahəsində həssas məsuliyyət məsələsindən gedirdi. Lakin həlledici məqam tərəflərin bu vəziyyətə hansı formada reaksiya verməsi oldu.
2025-ci il 9 oktyabr tarixində Düşənbədə keçirilmiş görüş zamanı Azərbaycan və Rusiya prezidentləri səviyyəsində əldə olunan razılaşmalar sonrakı tənzimləmə prosesinin əsas çərçivəsini müəyyənləşdirdi. Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyarı fəaliyyəti nəticəsində baş vermiş hadisənin tanınması və kompensasiya mexanizmlərinin razılaşdırılması qarşılıqlı münasibətlərdə siyasi mədəniyyətin mühüm transformasiyasından xəbər verir. Bu, artıq bir çox beynəlxalq böhranlarda müşahidə olunan qarşılıqlı ittihamlar məntiqi deyil, məsuliyyət və institusional dialoq üzərində qurulan yanaşmadır.
“Xüsusilə vurğulanmalıdır ki, tənzimləmə prosesi eskalasiya olmadan və ikitərəfli münasibətlərin ümumi təməlini sarsıtmadan həyata keçirildi. Əksinə, birgə bəyanatda tərəflər arasında müttəfiqlik əməkdaşlığının gələcəkdə də inkişaf etdirilməsi niyyəti xüsusi qeyd olunur. Bu isə onu göstərir ki, Bakı və Moskva böhranı münasibətlərdə qırılma nöqtəsi kimi deyil, daha geniş əməkdaşlıq sisteminin idarə olunmalı elementi kimi qiymətləndirir. Bu yanaşma hər iki ölkənin xarici siyasət strategiyalarının yetkinliyini əks etdirir”, - deyən millət vəkili əlavə edib ki, çoxvektorlu siyasət həyata keçirən Azərbaycan üçün əsas məqsəd milli maraqları qorumaqla yanaşı, bütün əsas güc mərkəzləri, o cümlədən Rusiya ilə konstruktiv münasibətləri saxlamaqdır.
Rusiya üçün isə Cənubi Qafqaz strateji əhəmiyyət daşıyan region olaraq qalır və Azərbaycanla sabit münasibətlər həm təhlükəsizlik, həm də iqtisadi-logistik baxımdan xüsusi önəm kəsb edir.
Sevinc Fətəliyevanın fikrincə, bəyanatın humanitar ölçüsü də ayrıca diqqətə layiqdir. Həlak olanların ailələrinə ünvanlanan başsağlığı və itkinin ağrısının bölüşülməsi onu göstərir ki, sərt geosiyasi reallıqlar fonunda belə insan amili öz əhəmiyyətini qoruyur. Bu, yalnız dövlətlərarası deyil, eyni zamanda cəmiyyətlərarası etimadın formalaşmasına xidmət edən mühüm mesajdır. Daha geniş kontekstdə bu hadisə Azərbaycan–Rusiya münasibətlərinin yeni beynəlxalq reallıqlara uyğunlaşma mərhələsində olduğunu göstərir. Bu münasibətlər artıq yalnız postsovet məkanının inersiyası üzərində qurula bilməz. Bu gün əsas rol praqmatizmə, maraqlar balansına və çevik siyasi reaksiya qabiliyyətinə məxsusdur.
“Beləliklə, aviaqəzanın nəticələrinin aradan qaldırılması təkcə konkret hadisənin həlli deyil, daha dərin proseslərin göstəricisinə çevrildi. Bu, bir daha sübut etdi ki, tərəflər qarşılıqlı hörmət, məsuliyyət və maraqların nəzərə alınması prinsiplərinə əsaslanaraq hərəkət etdikdə, hətta böhran şəraitində belə strateji tərəfdaşlığı qoruyub saxlamaq mümkündür. Məhz bu model — böhrandan idarəolunan əməkdaşlığa keçid — bu gün Azərbaycan–Rusiya münasibətlərinin dayanıqlığını təmin edən əsas amillərdən biri kimi çıxış edir və onların dəyişən dünya nizamında mövqeyini müəyyənləşdirir”,- deyə deputat vurğulayıb.