ABŞ-də qanunverici orqan daxilində cinsi zorakılıq iddiaları ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Musavat.com xəbər verir ki, “Politico” saytının məlumatına görə, 2004-cü ildən etibarən ABŞ federal hökuməti Nümayəndələr Palatasının üzvləri və ya onların ofisləri ilə bağlı cinsi təcavüz və təqib iddialarının həlli üçün 338 min dollardan çox vəsait ödəyib.
Bu məlumatlar Konqresin Nəzarət Komitəsinə təqdim olunmuş sənədlərə əsaslanır. Komitə bu məlumatları mart ayında qəbul etdiyi qərardan sonra subpoena (məcburi təqdimat tələbi) yolu ilə əldə edib. Məqsəd 2018-ci ilə qədər gizli saxlanılan bu cür ödənişlərin tam mənzərəsini ortaya çıxarmaq olub.
Respublikaçı konqresmen Nensi Meys ödənişlərlə əlaqəli olmuş ofislərin siyahısını açıqlayıb. Bu siyahıya daha əvvəl qalmaqallarla gündəmə gəlmiş sabiq konqresmenlər Erik Massa, Con Konyers, Bleyk Farentold və Patrik Mihan da daxildir.
Meys həmçinin bildirib ki, mərhum konqresmen Karolin Makkartinin ofisi ilə bağlı 8 min dollar, sabiq konqresmen Rodni Aleksandr ilə bağlı isə 15 min dollar ödəniş həyata keçirilib.
Aleksandr qısa açıqlamasında bildirib ki, şikayət onun keçmiş əməkdaşı ilə bağlı olub və ittihamdan sonra həmin şəxsi işdən azad edib. Bu məlumatlar son aylarda Konqresdə baş verən yeni qalmaqallar fonunda açıqlanıb. Belə ki, sabiq konqresmenlər Erik Svaluell və Toni Qonzales əməkdaşlarla qeyri-etik münasibətlərə dair iddialardan sonra istefa veriblər.
Qeyd olunur ki, 2018-ci ildə #MeToo hərəkatından sonra Konqres bu cür ödənişlərin federal büdcə hesabına aparılmasını qadağan edən qanun qəbul edib. Həmin vaxtdan sonra belə ödənişlər həyata keçirilməyib. Bununla belə, yeni açıqlanan məlumatlar əvvəl məlum olan rəqəmlərdən xeyli yüksəkdir. Məsələn, daha əvvəl 2010-cu ildə 85 min dollar ödənişlə gündəmə gəlmiş Massa ilə bağlı əlavə 30 min dollar, Konyerslə bağlı isə 2010-cu ilə aid əlavə 50 min dollar ödəniş olduğu ortaya çıxıb.
Konqresin İş Yerləri üzrə Hüquqlar Ofisi (OCWR) isə bildirib ki, 1996–2018-ci illər arasında qanunverici orqan əməkdaşları ilə bağlı ümumilikdə 349 şikayət qeydə alınıb və onların 80-i maliyyə ödənişi ilə nəticələnib. Bu halların 30-da birbaşa konqres üzvlərinin iştirakı və ya məlumatlı olması təsdiqlənib.
Meys qeyd edib ki, təqdim olunan sənədlər tam şəkildə ictimaiyyətə açıqlanacaq, lakin əvvəlcə zərərçəkənlərin və şahidlərin şəxsi məlumatları gizlədiləcək.
“Cavabdehlik təhlükə deyil, vəddir”, - deyə o bildirib.
Musavat.com