Tədbir çərçivəsində, həmçinin iki ölkə arasında turizm sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, turizm nümayəndəliyin açılmasında əsas məqsəd Rusiya turizm sənayesi ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanın turizm potensialını və məhsullarını təbliğ etmək, habelə Rusiya bazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir. Nümayəndəlik turizm şirkətləri və dövlət qurumları ilə münasibətləri formalaşdırmaq, marketinq və media kampaniyalarını idarə etmək, tədbirlər təşkil etmək və turizm agentlikləri, eləcə də media ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək funksiyasını həyata keçirəcək. Hazırda “Azərbaycan Hava Yolları” QSC və Rusiya aviadaşıyıcıları Azərbaycanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirərək iki ölkə arasında fasiləsiz hava əlaqəsini təmin edir.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan səfər edənlərin sayı 564 008 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artımdır.








