İranın keçmiş vəliəhd şahzadəsi Reza Pəhləvi bildirib ki, İranda hakimiyyət dəyişikliyi üçün imkan yaranıb.
O, BBC-yə İsrail-İran münaqişəsini şərh edərkən belə deyib.
Onun sözlərinə görə problemin kökü İrandakı dini hakimiyyətdir və məsələnin yeganə həlli də bu rejimin mövcudluğunun sona çatmasıdır.
Reza Pəhləvi hesab edir ki, İsrail-İran münaqişəsi İran xalqını ölkədəki rejimə qarşı mübarizə aparmaq üçün yenidən ruhlandırıb.
"Bu münaqişə İran rejimini zəiflədib. Çünki ordunun əsas şəxsləri arıtq məhv edilib. İran xalqı bu rejimi zəiflədən istənilən addımı alqışlayır. Bu, İran xalqı üçün bir imkandır ki, özlərini və ölkələrini rejimin əlindən xilas etsinlər", - Pəhləvi deyib.
Reza Pəhləvi İsrailin hücumları nəticəsində İranda dinc sakinlərin ölməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, baş verənlər üçün Iranin ali dini lideri Əli Xameneyi cavabdehlik daşıyır.
"İsrailin hücumunun məqsədi dinc sakinlərə zərər vermək deyil. Hücumların məqsədi İran rejimini neytrallaşdırmaqdır. İran xalqı uzun illərdir onların boğazlarını sıxan və nəfəs almağa imkan verməyən rejimdən xilas olmaq istəyir", - Reza Pəhləvi qeyd edib.
İran hakimiyyətinin Reza Pəhləvinin bu açıqlamasına şərhi məlum deyil.
İran Prezidenti Məsud Pezeşkian iyunun 16-da parlamentdəki çıxışında İran xalqını birliyə və mübarizəyə çağırıb.
Reza Pəhləvi İranın sonuncu şahı Məhəmməd Reza Pəhləvinin oğludur.
Atası 1979-cu il İranda baş vermiş İslam inqilabı nəticəsində taxtdan endirilib.
Daha sonra ölkədə dini dövlət yaradılıb.
Həmin vaxtdan bəri mühacirətdə yaşayan Reza Pəhləvi İranın dini elitasına qarşı mübarizə aparır.
Videoya YouTube kanalımızda baxın.