Naxçıvan, 21 iyun, AZƏRTAC
İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (ikinci oxunuş) müzakirəsinin daxil edildiyini deyib.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, qanun layihəsi iyunun 19-da Ali Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq müzakirə edildikdən sonra birinci oxunuşda qəbul olunub. Ali Məclisin İqtisadi siyasət komitəsində aparılan müzakirənin nəticəsi olaraq, layihənin ikinci oxunuş üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev və Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov məlumat veriblər.
Gündəlikdə duran məsələ ətrafında müzakirələrdən sonra “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Ali Məclisin növbədənkənar sessiyasının iclası işini başa çatdırıb.