RU

Xameneiyə yaxın şəxsdən ABŞ yə açıq təhdid “Hörmüz boğazı bağlansın, hücumlar başlasın”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın ali dini lideri Ayətullah Əli Xameneinin aparıcı müşavirlərindən biri, eyni zamanda mühafizəkar xətti ilə tanınan “Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari ABŞ-ın İrana qarşı hücumuna sərt cavab verib. Şəriətmədari əvvəllər özünü Xameneinin “nümayəndəsi” kimi təqdim etmişdi.

"AzPolitika" xəbər verir ki, telegram vasitəsilə yayımlanan bəyanatında Şəriətmədari bildirib: “Amerikanın Fordo nüvə obyektinə etdiyi hücumdan sonra sıra artıq bizdədir. Heç bir tərəddüd və gecikmə olmadan ilk addım olaraq Bəhreyndə yerləşən Amerika Hərbi Dəniz Qüvvələri donanmasına raket zərbələri endirilməli və eyni zamanda Hörmüz boğazı ABŞ, Böyük Britaniya, Almaniya və Fransa gəmiləri üçün bağlanmalıdır.”

O, neft daşımaları baxımından qlobal əhəmiyyətə malik olan Hörmüz boğazının bağlanmasının vacibliyini vurğulayıb və bu addımın təxirə salınmadan atılmalı olduğunu bildirib.

 Bu cür açıqlama bölgədə gərginliyin daha da artacağına dair narahatlıqları gücləndirib.

İranın ali dini lideri Ayətullah Əli Xameneinin adətən fövqəladə hallarda xalqa müraciət etməsi və ya televiziya vasitəsilə canlı çıxış etməsi gözlənilsə də, hazırda belə bir çıxış baş tutmayıb. Məlumata görə, Xamenei hazırda sui-qəsd təhlükəsinə qarşı xüsusi sığınacaqda saxlanılır, bütün elektron əlaqələri kəsilib və onunla birbaşa təmas son dərəcə məhduddur.

Bu səbəbdən ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlara Tehranın hansı formada və nə vaxt cavab verəcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. İran cəmiyyətində və siyasi dairələrdə Xameneinin mövqeyi açıqlanana qədər konkret cavabın verilməyəcəyi fikri geniş yayılıb.

Tehranda gecə boyunca intensiv hərbi hərəkətlilik

CNN-in təcrübəli beynəlxalq müxbiri Frederik Pleitgenin Tehrandan verdiyi məlumata görə, İran paytaxtının səmasında gecə saatlarında nəzərəçarpacaq dərəcədə hərbi aktivlik müşahidə olunub.

Pleitgen bildirib: “Gecə ərzində hava hücumundan müdafiə sistemlərinin bir neçə dəfə işə düşdüyünü gördük. Səma istiqamətində açılan atəşlərlə parlayan mərmilər görünürdü. Tehranın üzərində adi günlərlə müqayisədə çox daha ciddi hərbi hərəkətlilik vardı. Ancaq heç kim Trampın belə bir hücum əmri verəcəyini əvvəlcədən bilmirdi.”

Müşahidələr göstərir ki, İranın hərbi qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib və vəziyyətin hər an daha da kəskinləşməsi ehtimal olunur. ABŞ-İran gərginliyinin yeni mərhələyə qədəm qoyduğu bu kritik məqamda, Xameneinin susqunluğu həm daxildə, həm də beynəlxalq aləmdə böyük maraq və narahatlıqla izlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
azpolitika.info

1Источники