RU

İHU nun “Heydər Əliyev” Avrasiya Araşdırmaları Mərkəzinin II Türk dünyası yay məktəbi proqramı” başlayıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

İstanbul, 24 iyun, Günel Karatepe, AZƏRTAC

İstanbulun İbn Haldun Universitetinin (İHU)“Heydər Əliyev” Avrasiya Araşdırmaları Mərkəzi tərəfindən təşkil edilən “II Türk dünyası yay məktəbi proqramı”nın açılış mərasimi keçirilib. Proqram “Yüksələn Türk dünyası” devizi ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu universitetin Qəyyumlar Şurasının sədr müavini Nəcməddin Bilal Ərdoğan açılış mərasimində çıxış edərək dünyanın hazırda mürəkkəb və qeyri-müəyyənlik dövründən keçdiyini bildirib. O, belə bir dövrdə insanlara gələcəyə dair ümid verməyin əhəmiyyətli olduğunu, bu səbəbdən də Türk Dünyası Araşdırmaları Mərkəzinə xüsusi önəm verdiklərini qeyd edib.

Əvvəllər diplomlarla karyera qurmağın daha asan olduğunu, bu gün isə müəyyən bir sahənin mütəxəssisi olmağın və ixtisasa yiyələnməyin daha vacib olduğunu vurğulayan Nəcməddin Bilal Ərdoğan araşdırma mərkəzlərinin universitet strukturlarında getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) “Türk dünyası - 2040” baxışı çərçivəsində çoxsaylı mövzular olduğunu qeyd edərək deyib: “Bu mövzular yalnız beynəlxalq münasibətlər və enerji təhlükəsizliyi ilə məhdudlaşmır, nəqliyyat, iqtisadiyyat, sosiologiya, ümumiyyətlə, cəmiyyəti maraqlandıran bütün məsələlər bu baxışın bir hissəsidir. Bu səbəbdən biz universitet olaraq bu sahədə aparılan tədqiqatlara güclü dəstək vermək istəyirik. Dörd ölkədə həyata keçirməyi planlaşdırdığımız magistr proqramı da əslində bu baxışın bir təzahürüdür”.

Türkiyə ilə yanaşı Azərbaycan, Qazaxıstan və Özbəkistanda da Türk dünyası üzrə magistr proqramının keçiriləcəyini bildirən Ərdoğan bütün Türk dünyasını yaxından tanıyan intellektual şəxslər yetişdirməyə ehtiyacımızın olduğunu, bu hədəfə çatmağın aradakı bütün sərhədlərin aradan qaldırılmasına bağlı olduğunu bildirib.

İHU-nun rektoru professor Atilla Arkan da çıxışında dünyada baş verən qeyri-müəyyənlik və xaosa diqqət çəkərək bunun qarşıdakı 10 ildə daha da artacağını deyib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın uzun illərdir qeyd etdiyi kimi, mövcud sistem artıq ədalətli, əlçatan və reallaşdırıla biləcək həllər təqdim etmə qabiliyyətini itirib. Halbuki bizim daha ədalətli və daha çox həll təqdim edə bilən bir sistemə ehtiyacımız var”.

Arkan “II Türk dünyası yay məktəbi proqramı”na qatılan iştirakçıların bir ay boyunca dünya, Türkiyə və Türk dünyasının problemlərini müzakirə edəcəklərini bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyinin Qafqaz üzrə baş direktor müavini Ayşə Uzer çıxışında bildirib ki, Türk dünyası artıq yalnız dil, tarix, mədəniyyət və idmanda deyil, diplomatiya, siyasət, akademiya, iqtisadiyyat, texnologiya və müdafiə sahələrində də birlik istiqamətində irəliləyir və TDT bu ortaq baxışın təşkilatlanmış ifadəsidir.

TDT-nin Baş katibinin müavini Sədi Cəfərov təşkilatın daha da gücləndiyini və beynəlxalq aləmdə tanınmasının artdığını vurğulayıb.

Türk dövlətləri üçün bu birliyin dərinləşdirilməsinin və ortaq şüurla hərəkət edilməsinin əsas hədəf olduğunu deyən S.Cəfərov bildirib ki, qlobal səviyyədə müşahidə olunan təhlükəsizlik təhdidləri, münaqişələr və sosial-iqtisadi qeyri-sabitlik qarşısında ölkələrin sabitliyini qoruması indi daha böyük əhəmiyyət daşıyır.

S.Cəfərov çıxışında TDT-nin elm və təhsil sahəsində davam edən fəaliyyətlərinə toxunaraq Türk Universitetləri Birliyi və Orhun Mübadilə Proqramı kimi təşkilatlanmış mexanizmlərin təşkilat ölkələri arasında akademik əməkdaşlığı gücləndirmək və intellektual mübadiləni təşviq etməkdə rolunu vurğulayıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə çıxışında tarixinə, mədəniyyətinə və sivilizasiya irsinə sahib çıxmayan xalqların aqibətinin faciə ilə nəticələndiyini söyləyib: “Əgər şərəfli bir gələcək qurmaq istəyiriksə, keçmişlə gələcək arasında körpü rolunu oynayan mədəniyyətimizə sahib çıxmaq, onu öyrənmək, yaşatmaq və gələcək nəsillərə ötürmək məcburiyyətindəyik. Bu gün Türk dünyası geosiyasi bir oyanış dövrünə daxil olub. 200 milyondan artıq əhalisi, zəngin enerji resursları, strateji mövqeyi və ortaq mədəni irsi ilə böyük bir potensiala sahibik. Artıq yüksələn güc olan Türk dünyasının qarşısındakı bəzi problemləri də birlikdə həll edəcəyik”.

Qeyd edək ki, İHU, TDT, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdəki Türklər və Qohum Topluluqlar İdarəsi, eləcə də Türkiyə və Türk dünyasından müxtəlif universitetlərin əməkdaşlığı ilə təşkil olunan “II Türk dünyası yay məktəbi proqramı”na 28 ölkədən minə yaxın tələbə müraciət edib.

Yay məktəbi çərçivəsində regionallaşma prosesləri, Avrasiyadakı hadisələr, Türk dünyasının əsas məsələləri, onların həlli yolları araşdırılacaq və əməkdaşlıq potensialı elmi aspektdən qiymətləndiriləcək.

AZƏRTAC-0-

(GK, GA)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
azertag.az

1Источники