RU

Atəşkəsin kölgəsində savaş həyəcanı: İsrail–İran qarşıdurması yenidən alovlana bilər!..-TƏHLİL

İsrail məqsədinə çatmadı, İran nüvə proqramından əl çəkmir, Tramp isə savaşdan yayınmağa çalışır – regionda silahlar yenidən danışacaqmı?..
 
Heydər Oğuz: “Görünür, təchizat məsələsini həll etdikdən sonra yenidən savaşmaq istəyi Netanyahunu atəşkəsə getməyə məcbur etdi...”
 
“Digər bir alternativ isə “PKK”/”PJAK” ünsürləriydi ki, xüsusilə Azərbaycan türkləri öz ərazilərinə iddia edən separatçılarla döyüşməkdənsə İran rejiminin qalmasını dəstəkəyirdi...”
 
İsrailin təcavüzü ilə başlanan savaşda dünənki atəşkəs elanından sonra İran deyir nüvə proqramından əl çəkməyəcəyik, İsrail isə deyir ki, İrana qarşı kampaniya davam edəcək. Belə olan halda hadisələrin inkişafı necə görünür? İki ölkə arasındakı hərbi əməliyyatlar yenidən bərpa oluna bilərmi?..
 
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a verdiyi açıqlamada bildirib ki, İsrail İranla savaşda qarşıya qoyduğu əsas hədəflərinə çata bilmədi, bu da onu müharibəni yenidən başlatmağa sövq edə bilər:
“İsrailin İrana hücum edərkən iki başlıca məqsədi vardı: onun nüvə proqramını tamamilə məhv etmək və siyasi rejim dəyişikliyinə nail olmaq. Faktiki olaraq İsrail bunlardan heç birini reallaşdıra bilmədi. 
 
“CNN”-nin iddiasına görə, ABŞ kəşfiyyatının rəsmiləri İranın nüvə obyektlərinə zərbələrin Tehranın nüvə proqramının əsas komponentlərini məhv etmədiyini bildiriblər. Bu məlumatın yayılması İsrail yetkililərini ciddi şəkildə narahat etməyə bilməz. Çünki İranın bu imkanlarını qoruması onun nüvə proqramını daha qətiyyətli şəkildə inkişaf etdirməsinə yol aça bilər. Bu isə İsrail üçün həyati təhdid deməkdir. Təl-Əviv nəyin bahasına olursa olsun bu təhdidi ortadan qaldırmağa çalışacaq. Üstəlik, kəşfiyyat məlumatlarında İranın nüvə proqramına dəyən zərəri nə zaman bərpa edəcəyi də göstərilir. Bildirilir ki, bunun üçün İrana cəmi bir neçə həftə lazım olacaq. Belə çıxır ki, İranın qarşısı alınmasa, İsrail savaşdan əvvəlki 0 (sıfır) nöqtəsinə sürüklənəcək, yenidən öz varlığına təhdid kimi gördüyü reallıqla barışacaq”.
 
Maraqlıdır, bəs elədirsə, onda Tramp niyə İsraili atəşkəsə məcbur edir?..
 
Siyasi şərhçi hesab edir ki, Tramp əvvəldən bu müharibəyə girməyə həvəsli deyildi: 
 
“Ona görə ki, Tramp “Öncə Amerika” şüarı ilə hakimiyyətə gəlmiş, öz seçicilərinə ABŞ-ı dünyanın başqa yerlərində baş verən müharibələrə daxil etməyəcəyinə söz vermişdi. İsrail üçün İranla savaş isə ABŞ-ın yenidən Yaxın Şərqdə ilişib qalması, trilyonlarla dollar pul xərcləməsi anlamına gəlirdi. İrandan qat-qat balaca və zəif olan Əfqanıstan sərgüzəştlərinin bir fiasko ilə nəticələndiyini, 20 ildən sonra isə ABŞ əsgərlərinin başını götürüb bu ölkədən qaçdığını bilən Tramp haqsız da deyildi. Hər halda İranla müharibə daha uzun çəkə və daha ağır itkilərlə nəticələnə bilərdi. Odur ki, İsraili də bu savaşdan yayındırmağa çalışırdı”.
 
Heydər Oğuzun fikrincə, bütün bu istəksizliklərinə baxmayaraq, Tramp bir tərəfdən yəhudi lobbisi, digər tərəfdən də dərin dövlətin təzyiqləri ilə İran savaşına girməyə məcbur oldu: 
 
“ABŞ prezidentinin İranın nüvə bazalarına zərbə endirmək qərarının alınacağı Milli Təhlükəsizlik Şurasına gedərkən məmnuniyyətsizliyi qaş-qabağından tökülürdü. İş o yerə çatmışdı ki, Tramp Ağ Evə getməmişdən əvvəl “B-2” bombardmançı təyyarələri öz hava limanlarından qalxmış və İrana sarı uçurdu. İddialara görə, o, “B-2”lər havaya qalxarkən hələ Nyu-Cersidəki şəxsi klubunda idi. Təyyarələr İrana uçduqdan sonra Vaşinqtona gələn Tramp Ağ Evdə Milli Təhlükəsizlik Şurasına qatılmış və hərbi əməliyyat qərarı almışdı. Bu, Trampın fakt qarşısında qaldığını göstərir. Həvəssiz qatıldığı bir savaşın uzanmasını istəməyən ABŞ prezidenti, görünür, bir an öncə atəşkəs elan olunmasına can atırdı, buna görə də tərəflərə təzyiq göstərirdi. Hətta İran və İsrail liderlərini küçə söyüşləri ilə atəşi dayandırmağa sövq etdiyi də zikr olunur. Təzyiqlə qəbul olunan atəşkəs xüsusilə Netanyahu üçün asan həzm ediləsi qərar deyildi və bu da əldə olunan razılaşmaları da kövrəkləşdirir”.
Siyasi şərhçi hesab edir ki, İsrail baş nazirinin zorakı atəşkəsə razılıq verməsinin başlıca səbəblərindən biri müharibə sırasında bir çox çətinliklərlə üzləşməsi idi: 
 
“Əvvəllər İranın İsraili ciddi şəkildə atəşə tutmayacağını, tutarsa belə, İsrailin əlindəki HHM sistemlərinin onu zərəsizləşdirəcəyini düşünən Netanyahu yanıldığını anladı. İsrailin müdafiə gücünün sandığı kimi etibarlı olmadığını gördü. Netanyahu üçün pisi isə o idi ki, əlindəki yetərli olmayan silahları da tükənirdi. İranın raket atışında intensivliyi də İsrailin HHM sistemlərini tamamilə effektsiz hala gətirmişdi. Belə vəziyyətdə İsrail də savaşın davam etməsindən ağır itkilərlə qarşılaşa bilərdi. Odur ki, hərbi hava qüvvələrini gücləndirməli, boşalan cəbbəxanalarını doldurmaq ehtiyacı yaranmışdı. Görünür, təchizat məsələsini həll etdikdən sonra yenidən savaşmaq istəyi Netanyahunu atəşkəsə getməyə məcbur etdi”.
 
“O ki qaldı rejim dəyişikliyinə nail olmağa, İsrailin İran xalqına təklif etdiyi alternativlər də uğursuz idi. Təklif olunan alternativlərdən biri Rza Pəhləvinin hakimiyyətə gətirilməsi idi ki, İran xalqı 46 il əvvəl devirdiyi şahlıq rejiminin mollakratiyadan çox da fərqli olmadığının fərqində idi. Digər bir alternativ isə “PKK”/”PJAK” ünsürləriydi ki, xüsusilə Azərbaycan türkləri öz ərazilərinə iddia edən separatçılarla döyüşməkdənsə İran rejiminin qalmasını dəstəkəyirdi. Üstəlik, İran xalqı Fələstin, İraq, Suriya və s. kimi coğrafiyalarda İsrail və ABŞ-ın “demokratiyaya yardım” kampaniyalarının acı reallıqlarını görmüşdülər, bu səbəbdən də xaricdən təlqin olunan “azadlıq” formullarını yaxına buraxmadılar. Nəticədə rejim dəyişikliyi təkliflərinə də isti baxmadılar. Beləcə, İsrailin İranla təkbaşına savaş ehtimalını gözə almaqdan başqa çarəsi qalmadı”, - deyə Heydər Oğuz diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Избранный
26
50
moderator.az

10Источники