RU

Azərbaycan diplomatları Yekaterinburqda nə işlə məşğuldu? - Soydaşlarımıza Rusiya güc strukturlarının açıq qərəzinin səbəbi...

Rusiyanın Yekaterinburq şəhərində polisin və xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirilib və saxlanan şəxslərdən 2 nəfər – Ziyəddin və Hüseyn Səfərovlar qətlə yetirilib.

Mia.az bildirir ki, qətlə yetirilənlər həmkarımız, “525-ci qəzet”in əməkdaşı Seyfəddin Hüseynlinin qardaşlarıdı.

Həmkarımıza başsağlığı diləyirik.

Rusiya güc strukturları artıq hadisəyə “ürək infarktı” donu geyindirib. Öldürülən şəxslərin də cinayətin iştirakçısı olduğunu iddia edib. Həmkarımızsa bildirir ki, onun qardaşları əməliyyat zamanı işgəncə ilə dünyasını dəyişib.

Ümimiyyətlə, bu, Sverdlovsk vilayətində azərbaycanlılara qarşı keçirilən ilk əməliyyat deyil. Əsasən qafqazlıların, o cümlədən azərbaycanlıların çoxluq təşkil etdiyi bu vilayətin müxtəlif şəhərlərində Rusiya polisi mütəmadi olaraq onlara qarşı kütləvi həbslər keçirir. Səbəb kimi bəzən “millətlərarası münaqişə” göstərilir. Amma bu, heç də belə bəsit deyil. Düzdü, həmin vilayətdə gürcülər çoxluq təşkil edir, amma onların azərbaycanlılarla prinsipial anlaşması mövcuddur. Məsələn, “Taqanroqskiy Ryad” deyilən meyvə-tərəvəz topdansatış bazasında gürcülər və azərbaycanlılar illərdi, birlikdə çalışır. 

Rəsmi Bakı artıq etirazını bildirib. Əməliyyatın xüsusi amansızlıqla keçirildiyi vurğulanıb. 

Yeri gəlmişkən, azərbaycanlıların icması olan “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinskinin sözlərinə görə, onun hadisədən xəbəri yoxdu.

“Məni heç kim saxlamayıb”, - deyə icma rəhbəri Rusiya mətbuatına bildirib. 

Amma təbii ki, səni saxlamayıblarsa, bu işə aidiyyatın olmasa da, heç olmasa, həmvətənlərinin başına gələnlərlə maraqlanmaq vicdan borcu deyildimi, sizcə? Bu, nəyin rahatlığıdı, siz Allah?

O boyda hadisədən sonra “məni saxlamayıblar”, - deyən adamın da “icma” pərdəsi altında orada yalnız başını girlədiyini düşünə bilərəm yalnız.

Yeri gəlmişkən, Sverdlovsk vilayətində Azərbaycanın baş konsulluğu var. 

Bir az da bu qurumdan, daha doğrusu, soydaşlarımızın ümidini doğrultmayan diplomatlarımızın fəaliyyətindən danışaq.

Rusiya ərazisində Moskva və Sankt-Peterburqdan sonra sayca üçüncü olan, 2010-cu ildə təntənəli şəkildə açılan  həmin konsulluq Uralın paytaxtı olan Yekaterinburqda yerləşsə də, Sibirdən Uzaq Şərqə qədər böyük bir ərazinin əhatəsində azərbaycanlıların marağını qorumağa və xidmət etməyə mükələfiyyətli olan bir qurum əhəmiyyətini daşıyır. 

 Bu arada demək lazımdı ki, bizim azərbaycanlılar bu vilayətin bütün mədəni-kütləvi tədbirlərində fəal iştirak edir. Yekaterinburqda Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Hələ 2009-cu ildə şəhərdə Azərbaycan Mədəniyyət günləri təşkil edilib. 2024-cü ildə Nizami Gəncəvinin büstü qoyulub. Bu ilin iyun ayının 25-də isə tanınmış rəssam Mirzə Məmmədovun sərgisi təşkil edilib. 

Azərbaycanlılar vilayətin müxtılif şəhərlərində yaşayır, əsasən, meyvə-tərəvəz biznesində çalışır, topdansatış bazalarında yerli qurumlarla fəal əməkdaşlıq edir. Hələ pandemiya dönəmində sərhədlərin bağlı olduğu çətin durumlarda azərbaycanlılar topdansatış bazalarında kənd təsərrüfatı məhsullarının fasiləsiz satışını uğurla təşkil etmiş və onda yerli icra strukturları bu fəaliyyəti ictimai olaraq təqdir etmişdilər. 

Milli zəmində münaqişələrmi? Xeyr. Bizimkilərin öz arasında prinsipial düşmənçilik yoxdu.

Başqa millətlərlə yola getmirik? Xeyr. O da deyil. Yuxarıda qeyd etdiyim kimi, vilayətin qafqazlı olaraq üstünlük təşkil edən miqrantları gürcülərdi və onların da bizimkilərlə ortaq biznes marağı var: elə qabarıq çəkişmələr olmur aralarında.

Onda niyə bizim konsulluq bu xüsusda üzərinə düşən vəzifələri yerinə yetirmir? Bu vəziyyətin səbəbləri araşdırılmır? Lazımi addımlar atılmır? Yerli qurumlarla əməkdaşlıq edilmir? Konsulluq təkcə sənəd işləri üçün yaradılan qurum deyil ki. Bizim araşdırmada ortaya çıxan görüntü odu ki, konsulluq heç sənəd işlərinə dair vəzifələrini də yerinə yetirə bilməyib bu neçə ildə. Birbaşa vəzifələrində uğursuz olan konsulluğun soydaşlarımızın marağının qorunması sahəsindəki fəaliyyətindən danışmağa dəyərmi sizsə? 

Vilayətdə yaşayan soydaşlarımızın konsulluğun rəsmi səhifəsinə yazdığı şikayətlərə baxıram indi. Sizinçün də çəkmişəm. Baxın. Sadəcə, biabırçılıq. Bu qədər şikayət olar? Konsulluq öz soydaşlarına beləmi xidmət edir, marağını qoruyur?

Bütün bunları aşkara çıxarandan sonra “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinskinin də dünənki məşum hadisəyə münasibətdə dediyi sözlərindəki rahatlığı anlayırsan. Dövlətin diplomatları yerində tapılmırsa, zənğlərə cavab vermirsə, azərbaycanlılar sənəd üçün saatlarla konsulluğun qarşısında soyuqda ac-susuz, ayaq üstə qalırsa, onda icma rəhbərinə hələ şükür. Ən azından ağzını açıb iki kəlmə söz deyib. 

Rusiya polisinin arxivdən çıxardığı ölüm işinə gəlirsə, hadisə 2001-ci ildə baş verib, bir azərbaycanlı ticarətçi öldürülüb. Əgər indi arxiv materialı araşdırma üçün yenilənirsə, belə çıxır ki, yeni epizodlar var?

Dünən Yekaterinqburqda bizimkilərə məxsus “Baku Plaza”da da axtarış aparılıb. Ümumiyyətlə, 50-yə yaxın azərbaycanlının saxlanıldığı və sonra onlardan bir qisminin azad edildiyi bildirilir. Sual olunur: əgər işdə yeni epizodlar varsa, niyə araşdırma konkret şəxslərin üzərində yox, random şəkildə aparılıb? Belə kütləvi hücum yalnız hadisənin isti izlərlə açılması zərurəti zamanı təşkil edilir. Arxivdə olan işdə yeni nüanslar varsa, bu, niyə konkret həbslər və ittihamlarla müşayiət olunmayıb? 

Ümumiyyətlə, hadisə ilə bağlı bəzi yeni məlumatlar mediaya sızıb. Bu gün Rusiya mətbuatı yazıb ki, öldürülən qardaşlar əslində cinayətdə ittiham ediliblər. Onların həbsi zamanı güc tətbiq edilməyib və guya qardaşlar ürəktutma (infarkt) nəticəsində vəfat edib. Guya bunu ailə yaxını olan şəxs mediaya deyib: “OMON içəri girəndə o, ürəyini tutub yıxıldı, təcili yardım çağırdılar, ürək massajı etdilər, amma bir faydası olmadı. Adam yaşlı idi”. 

Zülfiyyə Mustafayeva

Mia.az
 

Избранный
33
3
mia.az

4Источники