RU

Xəzərin “Qarabağ” yatağı zəngin neft vəd edir

İlkin neftin çıxarılması 2029-cu ildə gözlənilir

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağından ilk neftin 2029-cu ildə hasil olunacağı planlaşdırılır. Artıq bunun üçün bütün zəruri sənədlər imzalanıb, layihədə yer alan şirkətlər və onların iştirak payları müəyyənləşdirilib.

Məlum olduğu kimi, ötən ayın əvvəllərində keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Xəzər dənizinin ölkəmizə aid sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak paylarının dəqiqləşdirilməsi ilə bağlı sövdələşməni rəsmiləşdirən sazişlər imzalanıb. Həmin sazişlərin biri “Qarabağ” neft yatağındakı ehtiyatların işlənməyə cəlb edilməsini nəzərdə tutur. Yeni sazişə əsasən isə SOCAR və BP “Qarabağ” layihəsi üzrə müvafiq olaraq 65 faiz və 35 faiz iştirak payı əldə ediblər. Layihənin operatoru funksiyasını isə BP şirkəti həyata keçirəcək.

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakı Enerji Forumu çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, “Qarabağ”da ilk neft hasilatının 2029-cu ilə planlaşdırılması böyük neft yatağı üçün nisbətən sürətli işlənmə müddətidir. Bununla yanaşı, artıq kəşf olunmuş yataq sayılan “Qarabağ”dan indiyədək neft çıxarılmadığını vurğulayan Q.Birrell qeyd edib ki, indi əsas iş layihə çərçivəsində SOCAR-la birlikdə hasilata başlamaqdır. Onun sözlərinə görə, bu məqsədlə tərəflərin iştirakı ilə yeni konsepsiya işlənib hazırlanacaq ki, bu da “Qarabağ” yatağında neft hasilatına daha asan və tez başlamağa imkan yaradacaq. 

BP rəsmisi daha sonra deyib ki, yeni konsepsiya əsasında inşa ediləcək platforma texnoloji qurğulara malik olsa da, hər şey məsafədən idarə olunacaq. “Şelfdə çox az insan olacaq, ümumiyyətlə, heç olmaması da mümkündür. Bu, üst quruluşu (göyərtəsi) və bəzi qurğuları olan yüngül, kompakt platformadır”, – deyə o əlavə edib.

Q.Birrellin sözlərinə görə, neft və qaz “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun mövcud infrastrukturuna nəql olunacaq ki, bu da layihəni nisbətən səmərəli və aşağı xərcli edir. Yeni platformanın Azərbaycanda inşa ediləcəyini xatırladan vitse-prezident, həmçinin deyib ki, “Qarabağ”ın mövcud ACG infrastrukturu ilə inteqrasiyası layihəni çox səmərəli edəcək. 

Xatırladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. 1984-cü ildə strukturun sahəsi dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan 120 kilometr şərqdə, “Günəşli” yatağından 20-25 kilometr məsafədə, suyun 150-200 metr dərinliyində yerləşir. “Qarabağ” müstəqillik dövründə kəşf edilmış ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. 

1996-cı il fevralın 13-də xarici şirkətlərlə imzalanmış hasilatın pay bölgüsü sazişinə əsasən buradan 25 il ərzində neft hasil ediləcəyi qərara alınıb. Həmin il iyunun 4-də layihə çərçivəsində nəzərdə tutulmuş işləri yerinə yetirmək məqsədilə Xəzər Beynəlxalq Əməliyyat Şirkəti (SİPCO) yaradılıb. Hasilatın pay bölgüsü sazişinə əsasən burada 3 kəşfiyyat quyusu qazıb. Quyuların 2-si strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləyib. 1 quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkara çıxarıb. Bununla belə, beynəlxalq şirkətlərdən ibarət olan konsorsium sonradan sahənin rentabelli olmadığı qənaətinə gələrək 1999-cu il yanvarın 26-da əməliyyatı dayandırdığını elan edib.

 2018-ci ildə isə “SOCAR Qarabağ” və Norveçin “Equinor” şirkəti arasında yatağın işlənməsi üzrə risk xidməti sazişi imzalanıb. Sazişə əsasən şirkətlər layihədə bərabər pay əldə ediblər. Həmin il sənəd Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunub. 2019-cu il dekabrın 23-də yataqda ilk qiymətləndirmə quyusunun qazılmasına başlanılıb. SOCAR-ın CDC qazma şirkəti tərəfindən “Dədə Qorqud” üzən qazma qurğusu vasitəsilə suyun 180 metr dərinliyində qazılmış quyudan əldə olunmuş ilkin nəticələr yataqda kəşf edilmiş neft və qaz həcmlərinin onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərli olduğunu təsdiqləyib. Bununla da, “Qarabağ” ölkəmizin müstəqilliyi dövründə kəşf edilmış ilk neft yatağı kimi tarixə düşüb. Bununla belə, 2023-cü ilin sonlarında Norveç şirkətinin ölkəmizi tərk etməsi ilə əlaqədar layihə öz işini dayandırmalı olub. 

Heç şübhəsiz, yenidən həyata vəsiqə almış “Qarabağ” neft layihəsi SOCAR və BP-nin birgə səyi nəticəsində uğurlu işlənmə mərhələsinə qədəm qoyacaq ki, bu da Xəzər regionunda yeni bir əməkdaşlıq nümunəsinin əsasını qoyacaq.

 

Избранный
9
50
xalqqazeti.az

10Источники