Azərbaycan batutçuları Portuqaliyaya yollanacaqlar.
İdman.biz xəbər verir ki, iyulun 5-6-da Koimbrada Dünya kubokunun üçüncü mərhələsi keçiriləcək.
Bu yarışda Selcan Mahsudova və Əli Niftəliyev çıxış edəcəklər.
Dünya kubokunun ümumi sıralamasında Mahsudova üçüncü yerdədir. Olimpiya iştirakçısının hesabında iki mərhələdən sonra 64 xal var. Bu xallar Bakıda keçirilən Dünya kubokunda beşinci yeri tutmaq və İtaliyanın Riççione şəhərində keçirilən mərhələdə yarımfinala yüksəlməklə əldə olunub.
Mahsudova Anjela Bladtsevanı (AIN - neytral atlet) bir xal, altıqat dünya çempionu yaponiyalı Hikaru Morini isə doqquz xal qabaqlayır.
Dünya kubokunun ümumi sıralamasında Sofiya Alyayeva (AIN, 105 xal) lider, Violetta Bardzilovskaya (AIN, 88 xal) isə ikinci yerdədir.
Qeyd edək ki, bu ildən batut gimnastikasında yarışlarda qarışıq cütlüklərin sinxron tullanışı üzrə də medallar uğrunda mübarizə aparılır. Mahsudova və Niftəliyev mövsümün əvvəlindən bəri Dünya kubokunda proqramın bu növündə iki bürünc medal qazanıblar.
İdman.biz