RU

Rus ictimaiyyətində qızğın müzakirə - “Putin ölkəni idarə edir, etmir?”...


Züriyə Ruslanqızı: “Hər iki halda “Putin idarə edir, ya etmir” sualının səsləndirilməsi özü artıq Kreml rejiminin zəiflədiyini, əvvəlki qorxu və avtoritetinin ciddi şəkildə sarsıldığını göstərir”

Rusiyanın son illər yürütdüyü siyasət yalnız dünyanı narazı salmır, bu, eyni zamanda, ölkənin içində də narazılıqlar, fikir ayrılıqları yaradır. Vladimir Putinin Rusiyanı idarə etməsinin özü də müxtəlif fikirlər, rəylər yaradır.

Artıq Qərb və Rusiyanın özünün mediasında və ekspert dairələrində Putin “Rusiyanı idarə edir, ya etmir” sualı müzakirə olunur. Bu nə deməkdir və sonu hara gedə bilər?

“Bu isə o deməkdir ki, formal olaraq Putin hakimiyyətdə qalsa da, real qərarlar artıq başqaları tərəfindən veriləcək”

Politoloq Züriyə Ruslanqızı (Qarayeva) “Bakı-Xəbər”ə bildirdi ki, artıq Qərb və Rusiyanın özündə, həm müstəqil mediada, həm də ekspert dairələrində “Putin Rusiyanı idarə edir, ya etmir” sualının açıq şəkildə müzakirə olunması Kremlin daxilində baş verən proseslərin nə qədər mürəkkəbləşdiyini və şəffaflığını itirdiyini göstərir: “Bu sualın belə gündəmə gəlməsi sıradan fikir deyil - bu, həm Rusiya cəmiyyətində, həm də beynəlxalq aləmdə Putinin hakimiyyətinin faktiki dayanıqlılığına dair ciddi suallar yarandığının əlamətidir.

Putinin uzun illər ərzində yaratdığı avtoritar sistem formal olaraq onun ətrafında cəmləşsə də, hazırkı mərhələdə proseslərə tam nəzarət edə bilmədiyi haqda fərziyyələr güclənməkdədir. Xüsusilə son aylarda Rusiya hərbi və təhlükəsizlik strukturlarında baş verən dəyişikliklər, yüksək rütbəli generalların ard-arda həbs olunması, bir sıra oliqarxların və idarəçilərin müəmmalı şəkildə ortadan çıxması bu şübhələri dərinləşdirir.

“Putin idarə edir, ya sadəcə simvoldur” sualının gündəmə gəlməsi bir neçə ciddi faktorla bağlıdır. Əvvəla, Ukrayna müharibəsində artan uğursuzluqlar və cəbhədəki qeyri-müəyyənliklər. İkinci səbəb daxildə güc strukturları arasında gedən görünməyən savaş, xüsusilə Müdafiə Nazirliyi ilə FSB, Prezident Administrasiyası ilə “siloviklər” arasında balansın pozulmasıdır. Üçüncü faktor isə əhalidə və elitada yaranan “varislik” axtarışlarıdır. Yəni “sonra kim gələcək” sualı artıq təkcə müxalifət dairələrində deyil, Putinə sadiq çevrələrdə də səsləndirilir”.

Z.Ruslanqızının sözlərinə görə, bu gedişatın sonu müxtəlif ssenarilərlə nəticələnə bilər. O qeyd etdi ki, ən real ehtimal - Rusiya daxilində “klançılıq” daha da güclənəcək və bir müddət sonra idarəetmə tam qapalı, kollegial xarakter alacaq: “Bu isə o deməkdir ki, formal olaraq Putin hakimiyyətdə qalsa da, real qərarlar artıq başqaları tərəfindən veriləcək. Alternativ ssenari daxili gərginliklərin böyüyərək nəzarətsiz sosial-siyasi proseslərə yol açmasıdır ki, bu da Putinin hakimiyyətinə erkən və gözlənilməz son gətirə bilər.

Hər iki halda, “Putin idarə edir, ya etmir” sualının səsləndirilməsi özü artıq Kreml rejiminin zəiflədiyini, əvvəlki qorxu və avtoritetinin ciddi şəkildə sarsıldığını göstərir. Bu, həm də Rusiyanın daxilində siyasi parçalanmanın və mümkün dəyişikliklərin siqnalıdır”.

İradə SARIYEVA

Избранный
20
50
baki-xeber.com

10Источники