RU

Rusiya Taliban hökumətini rəsmən tanıdı – ilk beynəlxalq tanınma

Rusiya Əfqanıstanda 15 avqust 2021-ci il tarixində baş verən hakimiyyət dəyişikliyindən sonra qurulan Taliban hökumətini rəsmən tanıdığını elan edib. Bu, Taliban hökumətinin ilk beynəlxalq tanınmasıdır.

BAKU.WS xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov RİA xəbər agentliyinə açıqlamasında "Bəli, tanıdı" deyərək Rusiya hökumətinin Talibanı rəsmən tanıdığını təsdiqləyib.

Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, nazir müavini Andrey Rudenko, Əfqanıstanın Moskvadakı yeni səfiri Qul Həsən ilə görüşüb və səfir ona etimadnaməsinin surətini təqdim edib. Eyni zamanda, Moskvadakı Əfqanıstan səfirliyində artıq Taliban hökumətinin istifadə etdiyi bayraq dalğalanır.

Əfqanıstanın Xarici İşlər Nazirliyi isə bildirib ki, Rusiyanın Kabilə yeni təyin etdiyi səfir Dmitri Zahirnov, Taliban hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki ilə görüşüb və Rusiya hökumətinin Talibanı tanıma qərarını çatdırıb. Səfir bu qərarı "tarixi addım" adlandırıb, Muttaki isə bu qərardan məmnun olduğunu və bunun iki ölkə arasında yeni bir mərhələ olduğunu qeyd edib.

Xatırladaq ki, Taliban 2003-cü ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə "terror təşkilatları" siyahısına salınmışdı. Ancaq 2024-cü ilin dekabrında Prezident Putin Talibanı bu siyahıdan çıxaran qanunu imzalamışdı. 2025-ci ilin aprelində isə Rusiya Ali Məhkəməsi Talibanın fəaliyyətinə qoyulan qadağanı dayandırmışdı.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyi artıq səfirlik statusuna yüksəldilib. Bu qərarla Rusiya, Taliban hökumətini rəsmən tanıyan ilk ölkə olub.

Избранный
3
19
far.az

8Источники