RU

Azərbaycan–Özbəkistan münasibətləri regionda strateji tərəfdaşlıq modelinə çevrilir - ŞƏRH

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan və Özbəkistan arasında formalaşan qarşılıqlı etimada, ortaq tarixi-mədəni köklərə və davamlı iqtisadi layihələrə əsaslanan münasibətlər bu gün yalnız dostluq əlaqəsi deyil, eyni zamanda, region üçün nümunəvi strateji tərəfdaşlıq modelidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib.

Deputat qeyd edib ki, iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və dövlət başçılarının verdiyi bəyanatlar Azərbaycan–Özbəkistan əlaqələrinin təkcə strateji səviyyəyə yüksəldiyini deyil, bu səviyyənin artıq konkret nəticələr və qarşılıqlı iradə ilə möhkəmləndiyini göstərdi.

Onun sözlərinə görə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” bu münasibətlərin hüquqi-siyasi sütununu təşkil edir və əməkdaşlığın bütün istiqamətlərdə sistemli şəkildə inkişafına şərait yaradır: “Azərbaycan və Özbəkistan yalnız dost ölkələr deyil, artıq bir ildən çoxdur ki, beynəlxalq hüquq əsasında rəsmi müttəfiqdirlər. Bu müttəfiqlik həm beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, həm də ikitərəfli iqtisadi, humanitar və mədəni layihələrlə müşayiət olunur. Xüsusilə, Birgə İnvestisiya Fondunun yaradılması, 500 milyon dollarlıq kapitala sahib olması və artıq konkret layihələrlə təmin olunması bu münasibətlərin real iqtisadi dayaq nöqtəsini formalaşdırır. Bundan əlavə, energetika, turizm, tikinti və kənd təsərrüfatı sahələrində razılaşdırılan layihələr yalnız hər iki ölkənin iqtisadi maraqlarını təmin etmir, eyni zamanda, regionda yeni bir iqtisadi inteqrasiya modelinin əsasını qoyur.

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin artırılması və bu məqsədlə Orta Dəhliz layihəsinə verdikləri dəstək onların nəinki ikitərəfli, həm də regional əməkdaşlığa töhfələrinin göstəricisidir. Prezidentlər tərəfindən Orta Dəhlizin marşrutlarının şaxələndirilməsi və Azərbaycanın bu yük axınını qəbul etməyə hazır olması bir daha sübut edir ki, Bakı və Daşkənd arasında strateji həmrəylik yalnız siyasi əlaqələrlə məhdudlaşmır”.

Mahir Süleymanlı, eyni zamanda, Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Qeyd edib ki, Füzulidə tikilən orta məktəb və Xankəndidə yaradılan tikiş fabriki iki ölkə arasında həm mənəvi, həm də iqtisadi birlik rəmzinə çevrilib. Xüsusilə səfirliyin binasının açılması, “Özbəkistan” parkının təməlinin qoyulması təkcə siyasi əlaqələr deyil, xalqlar arasında bağların da möhkəmlənməsinə xidmət edir. Özbəkistanın azad edilmiş ərazilərdə ilk sosial layihəni reallaşdıran ölkə olması, mədəniyyətimizin və tarixi irsimizin daşıyıcısı kimi çıxış etməsi iki xalq arasında qardaşlığın necə dərin olduğunu göstərir. Bu addımlar yalnız humanitar dəstək deyil, eyni zamanda, strateji niyyətin, regionda sabitlik və inkişaf üçün ortaq məsuliyyətin ifadəsidir.

“Azərbaycan–Özbəkistan münasibətləri bu gün tarixi, siyasi və iqtisadi baxımdan ən yüksək zirvədədir. Bu əməkdaşlıq modeli qarşılıqlı hörmət, ortaq dəyərlər və strateji baxış əsasında formalaşaraq, digər ölkələrə də nümunə göstərilə bilər”, – deyə Milli Məclisin deputatı əlavə edib.

 

Избранный
15
50
azertag.az

10Источники