RU

“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul olundu

BAKI, 4 iyul. TELEQRAF

Milli Məclis “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.

Teleqraf xəbər verir ki, layihə parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Milli Məclis Xüsusi İcra Məmurlarının Palatasınınyaradılması təklifini birinci oxunuşda qəbul edib.

Belə ki, xüsusi icra məmurlarının özünüidarəsi qanunçuluq, şəffaflıq, hesabatlılıq, obyektivlik, ədalətlilik və özünüidarə orqanının qərarlarının xüsusi icra məmurları üçün məcburiliyi prinsiplərinə əsaslanır.

Xüsusi icra məmurlarının özünüidarə orqanı Xüsusi İcra Məmurlarının Palatasıdır. Palatanın əsas məqsədi xüsusi icra məmurlarının fəaliyyətinin idarə olunmasında iştirak etmək, xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və bu fəaliyyətə nəzarət olunması sahələrinin inkişafını və təkmilləşdirilməsini təmin etməkdir. Palata xüsusi icra məmurlarının üzvlüyü əsasında yaradılır və qeyri-kommersiya hüquqi şəxsidir. Palata bu Qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərir.

Palatanın idarə olunması qaydası onun Nizamnaməsi ilə tənzimlənir. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edir.

Palatanın üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmurunun fəaliyyətinin yoxlanılmasına cəlb oluna bilər. Xüsusi icra məmuru Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olur. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam verilir.

Palata dövlət qeydiyyatına alınanadək onun bu Qanunla müəyyən edilmiş səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək. Palata dövlət qeydiyyatına alınanadək xüsusi icra məmurlarının üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək və xüsusi icra institutunun məqsədləri üçün istifadə olunacaq. Palatanın təsisçiləri Reyestrə daxil edilmiş xüsusi icra məmurları olmalıdır. Təsis yığıncağı xüsusi icra məmurlarının sayı 50 nəfərə çatdıqda, onların ən azı üçdə ikisinin iştirakı ilə keçirilir.

2027-ci il yanvarın 1-dək Reyestrə daxil edilmiş xüsusi icra məmurlarının sayı 50 nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş xüsusi icra məmurlarının ən azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı xüsusi icra məmuru sədrlik edəcək. Reyestrə 50 nəfər xüsusi icra məmuru daxil edildikdən sonra 1 il müddətində, yaxud 2028-ci il yanvarın 1-dək Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılacaq. Palata dövlət qeydiyyatına alındığı andan Reyestrə daxil edilmiş bütün xüsusi icra məmurları onun üzvləri hesab ediləcəklər.

Layihəsi 6 fəsil, 38 maddədən ibarətdir.

Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyəcək.

Xüsusi icra məmuru qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs olacaq. Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olacaq, fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.

Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabərdir. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.

Xüsusi icra sistemi Azərbaycanın inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.

Избранный
4
20
teleqraf.com

10Источники