RU

"Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" - Deputat

“İyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü tamam olur. 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi seçilməsi respublikamızın həyatında dönüş nöqtəsi kimi dəyərləndirilir. Çünki məhz həmin vaxtdan başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək inkişafının, intibahının, tərəqqisinin və parlaq perspektivlərinin əsası oldu”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, həmin dövrün reallıqlarına nəzər saldıqda Ulu Öndər Heydər Əliyevin gördüyü işlərin miqyası, mahiyyəti və əhəmiyyəti barədə dəqiq təsəvvür formalaşır, Azərbaycanın tənəzzüldən necə xilas edilərək tərəqqi yoluna çıxarılması, Liderin xalqın rifahı, dövlətin mənafeyi üçün hansı xidmətlər göstərdiyi aydın olur. Məlumdur ki, SSRİ-nin tərkibindəki 15 müttəfiq respublikadan biri olan Azərbaycan 1969-cu ilə qədər sosial-iqtisadi gəstəricilərinə görə geridə qalmışdı. Ölkənin ciddi potensialı olsa da, ayrı-ayrı sahələrin inkişafına nail olunmamış, tənəzzüldən xilas olmaq mümkün olmamışdı. Ona görə də Azərbaycan Sovet İttifaqının tərkibində xammal mənbəyi, aqrar respublika kimi tanınırdı. Lakin Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra atdılan addımlar, görülən işlər nəticəsində dönüş yarandı, müsbət meyillər və nəticələr qeydə alınmağa başladı. Güclü sosial-iqtisadi təməlin yaradılması ilə yanaşı, siyasi və ideoloji xarakterli işlərin davam etdirilməsi Azərbaycan üçün yeni perspektivlərin yaranmasını mümkün və təmin edirdi. İlk növbədə, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərilməsi həm kadr potensialının gücləndirilməsi, həm də cəmiyyətin intellektual səviyyəsinin artırılması üçün mühüm əhəmiyyət daşıyırdı. İkincisi, milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması hərbi-strateji əhəmiyyətə malik idi. Ulu Öndərimiz gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də müvəffəq olmuşdu. Üçüncüsü, 1978-ci ildə Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Bu addımlar ana dilimizin qorunması və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik oldu. Dördüncüsü, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə ciddi yeniliklərə imza atıldı.

“Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi zamanı görülən işlər həm güclü sosial-iqtisadi bazanın, həm də siyasi-ideoloji dayaqların formalaşmasını təmin etdi. Yaradılan potensial sonrakı dönəmdə Azərbaycanın inkişafına təkan və töhfə verən fundamental amilə çevrildi. Biz haqlı olaraq və qürurla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”- deyən millət vəkilinin sözlərinə görə, Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində, o cümlədən SSRİ dönəmində xalqımızın rifahı və firavanlığı, dövlətimizin inkişafı və yüksəlişi üçün müstəsna tarixi əhəmiyyətli işlər görüb.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürdü, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başladı. Ulu Öndər Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və inkişaf dönəmi kimi tarixə yazıldı. Heydər Əliyev güclü dövlət – qüdrətli Azərbaycan quruculuğuna nail oldu, respublikamız dünyada etibarlı tərəfdaşa, beynəlxalq birliyin layiqli üzvünə çevrildi.

“Bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanın tarixi nailiyyətlər qazanmasını, o cümlədən Zəfər zirvəsini fəth etməsini, Qələbə dastanı yazmasını mümkün etdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Heydər Əliyev əbədiyaşar ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir. Buna görə də, dövlət başçısı İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyən Azərbaycan xalqı Heydər Əliyevin müstəsna xidmətlərini daim yüksək dəyərləndirir”,-deyə Samir Vəliyev vurğulayıb.

 

Избранный
39
2
unikal.az

10Источники