RU

Sülh sazişi necə imzalanır? - DETALLAR

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda irəliləyiş əldə edilib. 17 maddə və preambuladan ibarət saziş layihəsi artıq hazırlanıb və razılaşdırılıb. Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə saziş layihəsinin paraflanması ideyası irəli sürülüb. 

Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumunda bildirib ki, bu ideya Azərbaycana məxsusdur. Dövlət başçısı sülh sazişinin imzalanması üçün iki şərtin yerinə yetirilməli olduğunu vurğulayıb - ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi. Ermənistan iki şərti yerinə yetirdikdən sonra sülh sazişi imzalana bilər.

Sülh sazişinin paraflanması nədir? Sazişün qüvvəyə minməsi üçün hansı prosedurlardan keçməlidir? Dördpendirli pizza

Beynəlxalq praktikaya əsasən, belə müqavilələrin imzalanması konkret prosedur qaydaları ilə tənzimlənir.

Modern.az sözügedən prosedur qaydalarını araşdırıb.

1. Mətnin razılaşdırılması

Sülh sazişi adətən tərəflər arasında aparılan diplomatik danışıqlar nəticəsində hazırlanır. Bu mərhələdə tərəflər arasında mübahisələrin detallarına dair müddəalar, qarşılıqlı öhdəliklər, sərhədlər, təhlükəsizlik zəmanətləri və digər vacib şərtlər ekspert qrupları və danışıqlar heyətləri tərəfindən müzakirə olunur. Mətnin ilkin layihəsi razılaşdırıldıqdan sonra texniki və hüquqi baxımdan yoxlanılır.

Qeyd edək ki, Azərbaycanla Ermənistan bu mərhələni artıq yekunlaşdırıb.

2. Paraflanma

Mətn üzərində razılıq əldə edildikdən sonra tərəflərin rəsmi nümayəndələri, adətən xarici işlər nazirləri və ya danışıqlar üzrə səlahiyyətli şəxslər sənədi paraflayır. Paraflanma sənədin hər səhifəsinin və ya son səhifəsinin baş hərflərlə imzalanmasıdır, bu proses sazişin mətni üzərində razılığın əldə edildiyini, lakin sənədin hələ rəsmi şəkildə qüvvəyə minmədiyini göstərir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq sayılır.

Prezident Xankəndidəki media forumunda məsələ ilə bağlı deyib: "Mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb".

3. İmzalanma

Tərəflər bütün mübahisəli məsələləri həll etdikdən sonra saziş layihəsi imzalanır. İmzalanma dövlət və ya hökumət başçıları səviyyəsində təşkil edilir. Bu mərhələ sülh sazişinin beynəlxalq hüquq baxımından qəbul edildiyini göstərir, lakin bəzi hallarda sənədin qüvvəyə minməsi üçün ratifikasiya tələb oluna bilər.

Onu da qeyd edək ki, Azərbaycan iki şərtin yerinə yetirilməsindən sonra sazişi imzalamağa hazır olduğunu bəyan edib.

4. Ratifikasiya

Əgər sazişin şərtləri konstitusiya və ya qanunvericiliklə tənzimlənən məsələlərə toxunursa, tərəflər bu sənədi öz parlamentlərində ratifikasiya etməlidir. Ratifikasiyadan sonra sülh sazişi tam hüquqi qüvvəyə minir və beynəlxalq səviyyədə tətbiq olunur.

5. Qüvvəyə minmə və icra mexanizmləri

Sazişdə bəzən onun nə zaman qüvvəyə minəcəyi də ayrıca qeyd olunur. Bəzən bu, imzalanma ilə eyni gündə baş verir, bəzən isə ratifikasiyadan sonra müəyyən tarixdə reallaşır. Ardınca isə sənədin icrası, yəni sərhəd xəttlərinin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması, hüquqi və texniki detalların reallaşdırılması mərhələsi başlayır.

Sülh müqaviləsi qüvvəyə mindikdən sonra tərəflər onu BMT Katibliyində qeydiyyata aldırırlar. Bu, müqavilənin beynəlxalq hüquqi rejimdə tanınması və rəsmi status alması üçün mühümdür. 

Hazırda Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesinin məhz bu prosedur ardıcıllığı ilə irəlilədiyi ehtimal olunur. 


Telegram kanalımız
Избранный
23
23
yenisabah.az

10Источники