RU

Lider qətiyyəti tarixi hədəflərə yol açır

ECO-nun 17-ci Zirvə görüşünün ardınca lll Şuşa Qlobal Media Forumunun məhz Xankəndidə keçirilməsi özü-özlüyündə dünyaya bir mesajdır. Prezident İlham Əliyevin Forumda şəxsən iştirakı və Xankəndidə səsləndirdiyi açıqlamalar isə  həmin vizual mesajın tərəddüdsüz və səmimi bəyanatlarda əksini tapan qətiyyətli Lider mövqeyinin ifadəsidir. Azərbaycan Prezidenti 52 ölkədən 140 qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun, 7 beynəlxalq təşkilat təmsilçisinin iştirak etdiyi bu mötəbər Forumda beynəlxalq birliyə bu tarixi mesajı verdi: maneə və təzyiqlərə, şantaj və hədələrə baxmayaraq, Azərbaycan öz haqqını və tarixi ədaləti beynəlxalq hüquq normaları əsasında bərpa etməklə Cənubi Qafqazda artıq yeni reallıq yaradıb.

Bir çox liderlərdən fərqli olaraq, Prezident İlham Əliyev bu Forumda suallara verdiyi cavabları ilə bir daha göstərdi ki, böyük siyasətçinin, əsl dövlət xadiminin gücü onun səmimiliyindədir. Azərbaycan Prezidenti şəxsi nümunəsində sübut etdi ki, əgər Lider fəaliyyətini öz xalqının və rəhbərlik etdiyi dövlətin tarixi maraqlarının qorunmasına həsr edirsə, xalqın tərəddüdsüz inam və etimadını qazanırsa, yalnız belə Lider həm öz cəmiyyəti, həm beynəlxalq auditoriya, həm də həmkarları ilə səmimi ola və həqiqətləri açıqlaya bilir. Prezident İlham Əliyev elə bu səbəbdən, hətta dövrümüzün mürəkkəb geosiyasi çağırışlarına, onların yarada biləcəyi fəsadlara, ayrı-ayrı güclərin şantaj və hədə ritorikasına baxmayaraq, mövqeyindən bir addım geri çəkilmir və istənilən auditoriya ilə səmimi dialoq qurmağa nail olur.  Azərbaycan Prezidentinin Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın sualına verdiyi cavab bu baxımdan olduqca maraqlı və bir çox liderlər üçün, həqiqətən, ibrətamizdir. Sual Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurların və qazandığı nüfuzun səbəbi ilə bağlı idi. Dövlətimizin başçısı həmin suala belə cavab verdi: “Mən bir dəfə avropalı həmkarlarımla qapalı görüşdə, hələ 2020-ci ildən sonra, amma 2023-cü ildən əvvəl, vəziyyət müzakirə olunanda, burada, Xankəndidə hələ də separatçılar olanda bildirmişdim ki,-o qədər uzun söhbət gedirdi,-mən bir dəfə dedim ki, bunu açıq, üz-üzə demişəm, yəni, yox, xalqıma heç vaxt yalan söyləmirəm. Beləcə də dedim. Bu, əslində, doğrudur. Amma sualınıza cavab olaraq, mən beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram”.

Rusiya-Ukrayna müharibəsinin hələ də davam etdiyi indiki mürəkkəb və həssas dönəmdə Ukrayna informasiya məkanının tanınmış siması, “Gordon” media qurumunun təsisçisi Dmitro Qordonun Şuşa Qlobal Media Forumunda iştirakı, onun dövlət başçımıza ünvanladığı sual və Prezident İlham Əliyevin cavabı artıq indidən nüfuzlu beynəlxalq media qurumlarının və aparıcı beyin mərkəzlərinin əsas müzakirə mövzularından birinə çevrilib. Bir çox lider və siyasətçilərin nala-mıxa vuran, çəkingən mövqeyindən fərqli olaraq, Azərbaycan Prezidenti Xankəndidə də həqiqəti söyləməkdən və ədaləti müdafiə etməkdən çəkinmədi: “Bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir - heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi”. 

Azərbaycan Prezidenti bu cavabı ilə Forumu izləyən aparıcı beyin mərkəzlərinə, maraqlı tərəflərə və qlobal media məkanına şəxsən özünün və rəhbərlik etdiyi Dövlətin ədalətin və beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı bununla bir daha çatdırdı ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün də Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə hörmətlə yanaşır, beynəlxalq hüquqa söykənən ədaləti müdafiə edir. Ən başlıcası, bu, bir gündə, yaxud son bir neçə ayda deyil, illər əvvəl ifadə olunmuş mövqe bütövlüyünün növbəti təsdiqidir.

Yerləşdiyimiz coğrafiyanın məlum reallıqları, xüsusilə sərnişin təyyarəmiz Rusiyanın hava məkanında vurulduqdan sonra şimal qonşumuzun Azərbaycanın ədalətli tələblərinə məhəl qoymaması fonunda bu açıqlamanın doğurduğu beynəlxalq rezonans gözlənilən idi. Ən əsası, beynəlxalq hüququ və ədaləti müdafiə edən bütün aktorlar, hətta bədxahlarımız bir daha gördülər ki, heç bir basqı, heç bir şantaj Azərbaycan Liderini və xalqımızı ədalətli mövqeyindən çəkindirə bilməz. Prezident İlham Əliyevin “Reuters” agentliyinin nümayəndəsi Nailə Balayevanın Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, xüsusilə Rusiya səmasında sərnişin təyyarəmizin vurulması ilə bağlı sualına verdiyi cavab bunu bir daha təsdiq edir: “Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik.  Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya  hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.

Azərbaycan ictimaiyyəti ilə yanaşı, Forum iştirakçılarını maraqlandıran mövzulardan biri də Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi və Zəngəzur dəhlizinin taleyi ilə bağlı idi. Dövlətimizin başçısı növbəti dəfə xatırlatdı ki, müharibədən dərhal sonra sülh təşəbbüsünü irəli sürən məhz Azərbaycan olub və ötən illər ərzində sülh gündəliyi ilə bağlı ölkəmizin rəsmi mövqeyi zərrə qədər dəyişməyib. Tərəflər arasında etimad mühitinin yaranması üçün, ilk növbədə, Ermənistan hökuməti ziddiyyətli bəyanatlardan imtina etməlidir. 2024-cü ilin yanvarına qədər Ermənistan baş naziri N.Paşinyan, bir tərəfdən, bəyan edirdi ki, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə himayədarlarının köməkliyi ilə keçmiş “Dağlıq Qarabağ” məsələsini sülh sazişinin mətninə salmağa çalışırdı. Yalnız 2023-cü ilin antiterror əməliyyatı nəticəsində yaradılan reallığı beynəlxalq aktorlar qəbul etdikdən sonra Ermənistan rəhbərliyi anladı ki, bu cür məntiqsiz və qeyri-konstruktiv iddialar Azərbaycan üçün keçərsizdir. Dövlətimizin başçısı haqlı olaraq bu gün də Ermənistan hökumətindən tələb edir ki, ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Konstitusiyasını dəyişdirsin və Minsk qrupunun buraxılması ilə bağlı bəhanəli mövqeyindən əl çəksin. Ermənistan və havadarları bəhanələrdən əl çəkib bu iki şərti yerinə yetirərsə, sülh sazişinin imzalanmasına heç bir süni əngəl qalmayacaq.

Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətinə onu da çatdırdı ki, Ermənistan baş naziri ilə Əbu-Dabidə keçirilən görüş zamanı sülh sənədinin paraflanması ideyasını da irəli sürüb və bununla Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu növbəti dəfə nümayiş etdirib. Zəngəzur dəhlizinin Amerika şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı Ermənistanın yaydığı məlumatlara isə Azərbaycan Prezidentinin münasibəti yenə də səmimi və birmənalı oldu: “Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz”.

III Şuşa Qlobal Media Forumu məhz Xankəndidən beynəlxalq aktorlara, o cümlədən separatçılıqdan bu gün də əziyyət çəkən xalqlara bu mesajı verdi ki, cəmiyyət öz Prezidenti ətrafında bir yumruq kimi birləşməyi bacararsa və onun Lideri heç bir basqıya, təzyiq və şantaja baxmadan, Prezident İlham Əliyev qədər siyasi risklərə hazır olub ədalətli və qətiyyətli mövqeyindən geri çəkilməzsə, tarixi ədalətin bərpası da gec-tez qaçılmaz olur.

Ülvi Quliyev
Milli Məclisin deputatı 

Избранный
54
35
modern.az

10Источники