Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyətli
şəxslərə dəstək məqsədi daşıyan daha bir inklüziv layihəni gerçəkləşdirib.
Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya
Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli
şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan "Səsiniz olaq" adlı onlayn
surdotərcümə xidməti istifadəyə verilib.
Bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü
tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edərək, həmin şəxslərlə
işarət dili bilməyən tərəflər arasında "virtual körpü" funksiyasını
yerinə yetirir.
Belə ki, vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə
saxlayır. Operator tərcüməçi funksiyasını yerinə yetirərək, müraciətin istiqamətinə
uyğun üçüncü tərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlayn
kommunikasiyanı yaradır.
Xidmətdən yararlanmaq üçün 055 213 19 97 əlaqə nömrəsinə
"Whatsapp" və ya "Telegram" platforması vasitəsilə müraciət
etmək olar.
Vətəndaşlar xidmətdən hər həftənin bazar günü istisna olmaqla, həftənin 6 günü (bazar ertəsi - şənbə) saat 9:00-dan
16:00-dək yararlana bilərlər.
Surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərə müxtəlif
istiqamətlərdə müraciətlərini aidiyyəti tərəflərə düzgün və rahat şəkildə
çatdırmaq imkanı yaradır.
Layihə inklüziv mühitin dəstəklənməsi, eşitmə və nitq məhdudiyyəti olan
şəxslərlə cəmiyyətin digər üzvləri arasında sosial ünsiyyət maneələrinin aradan
qaldırılması, informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.