RU

ChatGPT ilə danışanların DİQQƏTİNƏ: Psixologiyanız TƏHLÜKƏ ALTINDADIR

ChatGPT-nin artıq onunla çox söhbət edən insanlara xəbərdarlıq göndərəcəyi bildirilib. Məlumatda deyilir ki, bunda məqsəd insanların psixologiyasını qorumaqdır.

 

Bu tip süni intellekt alətləri insanların psixologiyasına həqiqətən də mənfi təsir göstərə bilər? Süni intellektlə çox ünsiyyətdə olan şəxslər bir müddət sonra nələrdən əziyyət çəkə bilər? Mənfi təsirlərə məruz qalmamaq üçün istifadəçilər balansı necə qorumalıdır?

 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Referans-a açıqlamasında mövzu ilə bağlı vacib məqamlara toxunub.

 



“İnsanın özünü süni intellektlə daha rahat hiss etməyə başlaması onu tədricən sosial münasibətlərdən uzaqlaşdırır. Süni intellektin daim diqqətli və dözümlü davranması insanların onunla ünsiyyət qurmasına maraq yaradır. Çünki real həyatda bu cür münasibətlər nadir hallarda müşahidə olunur. Əgər şəxs sosial mühitdən təcrid olunubsa, süni intellektlə ünsiyyət onun tənhalığını daha da dərinləşdirə və ya bu vəziyyəti normal saymasına səbəb ola bilər”.

 

Klinik psixoloq xüsusilə qeyd edib ki, insanlar bəzən reallıqda sorğulamadıqları mövzuları süni intellektlə müzakirə edirlər. Bu isə emosional disbalans yarada bilər.

 

“Empatiya, göz kontaktı və bədən dili kimi sosial davranış elementləri süni intellektlə münasibətlər nəticəsində zəifləyir. Davamlı olaraq süni intellektlə məsləhətləşən insanlarda real həyatda qərar vermək zamanı özgüvən çatışmazlığı müşahidə oluna bilər. Süni intellekt insanı reallıqdan uzaqlaşdırır. Ona emosional dəyər yükləmək, insanların real həyatda ünsiyyətdən qaçaraq daim süni intellektlə söhbət etməsinə səbəb olur. Lakin bu cür gözləntilər reallığın çərçivəsinə sığmır. Süni intellekt əslində Google proqramının insana bənzər şəkildə düşünən və cavab verən modelidir. Bu, sadəcə axtarış formasının inkişaf etmiş versiyasıdır. Süni intellekt insanın dostu ola bilməz. Onu yalnız bir alət kimi istifadə etmək lazımdır. Tək qalmaq bəzən insana müsbət təsir göstərə bilər, lakin tənhalığı texnologiya ilə doldurmaq təhlükəli vərdişə çevrilə bilər. Səni dinləyən süni intellekt ola bilər, amma səni anlayan həmişə bir insan olacaq. Süni intellekt sənə qulaq asa bilər, lakin heç vaxt səni qucaqlaya bilməz”.

 

Rövşən Nəcəfov son olaraq ChatGPT ilə ünsiyyətə aludə olmuş insanlara bundan uzaqlaşmaq üçün dostlarla görüşməyi, insanlarla daha çox telefonla danışmağı, bədii kitab oxumağı və sosial fəaliyyətlərlə məşğul olmağı tövsiyə edib.

 

 

Fidan Vəlisoy

Избранный
111
50
referans.az

10Источники