Avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gələn və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan yenidoğulmuşun səhhətində müsbət dinamika müşahidə olunur.
Bu barədə News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib:
“Vəziyyətində yaxşılaşma müşahidə olunur. Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır.
Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir”.
Qeyd edək ki, səhər saat 07:40 radələrində çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib. Doğuş edən qadın və körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə biləcək.