“Gürcüstan üçün ən pis geosiyasi fəlakət reallaşmaq üzrədir”.
Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib. Sabiq prezident bildirib ki, onun hakimiyyəti dövründə demokratik Gürcüstan xarici investisiyalar üçün cəlbedici olmuşdu:
“Mənim vaxtımda qurulan geniş beynəlxalq əlaqələr və sürətli Avro-Atlantik inteqrasiyanın başlanması da bizi gücləndirmişdi. Bunlar təhlükəsizliyimizin qarantiyası idi, tranzit funksiyamızı və xüsusilə demokratik sistemimizi qorumaq üçün Buş 2008-ci ildə 6-cı donanmanı göndərmişdi”.
Saakaşvilinin çıxışında ən diqqətçəkici məqam isə, “İvanişvili gürcü demokratiyasını məhv etdi, Gürcüstanı əsas müttəfiqlərindən təcrid etdi və indi bütün bunlara görə biz tranzit qovşağı funksiyasını itiririk. Amerikanın Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürdüyü ABŞ-Azərbaycan-Ermənistan beynəlxalq müqaviləsinin imzalanması bu dəfə Gürcüstan, İran və Rusiyadan yan keçməklə Avropadan Çinə yeni tranzit dəhlizi açır.
Bəli, məhz İran və Rusiya ilə birlikdə tam geosiyasi təcridlə üz-üzəyik. Bu, o deməkdir ki, Qırmızı körpüdə (Gürcüstan-Azərbaycan sərhədi) “dəmir pərdə” enir, Moskva və Tehranla birlikdə uçuruma yuvarlanırıq” hissəsidir. Saakaşvili iddia edib ki, Laziki limanı layihəsi Gürcüstanın mövcud limanları kimi öz mənasını itirir və ölkə əhalisi isə sürətlə yoxsullaşır:
“Amerika və Avropa ilə strateji müttəfiqliyin kəsilməsi bizi bu yerə gətirib çıxardı. Bütün bunların avqust müharibəsinin ildönümündə baş verməsi necə də ironikdir”.
Göründüyü kimi, Saakaşvili açıq şəkildə bildirir ki, iki qonşu dövlət arasında sülh və kommunikasiyaların açılması Gürcüstana sərf etmir. Buna əsasən, Zəngəzur dəhlizinin açılması Azərbaycan-Gürcüstan münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Mixail Saakaşvilinin açıqlaması reallığı tam şəkildə əks etdirmir. Onun sözlərinə görə, Gürcüstanın sabiq prezidenti hazırda İvanaşvili hakimiyyəti ilə müxalifətdə olduğu üçün istənilən məsələdə hökuməti tənqid etməyə çalışır:
“Saakaşvilinin açıqlamasının reallığı tam şəkildə əks etdirdiyini düşünmürəm. Çünki o, hazırda İvanaşvili hakimiyyətinə müxalifətdədir. Müxalifət lideri olaraq istənilən məsələdə hakimiyyəti tənqid etməyə çalışması təbiidir. Zəngəzur dəhlizinin açılmasının və Ermənistanla münasibətlərin normallaşmasının Gürcüstana mənfi təsir göstərəcəyi fikrinə isə qatılmıram. Əksinə, bu, yanlış yanaşmadır.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın əsas enerji daşıyıcıları Gürcüstan üzərindən dünya bazarına çıxarılır. Burada söhbət Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Bundan əlavə, gələcəkdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış “Yaşıl enerji” layihəsi həyata keçiriləcək və Azərbaycanda istehsal olunan yaşıl enerji də məhz Gürcüstan üzərindən Avropaya çatdırılacaq.
Bununla yanaşı, Çin və Orta Asiyadan gələn yüklərin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir və bu layihələr işləyir. Azərbaycan Qara dənizdə bəzi limanların işlədilməsini də icarəyə götürüb. Bütün bunlar göstərir ki, Gürcüstanın kommunikasiya sistemləri hazırda tam gücü ilə işləyir”.
Oqtay Qasımov qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasının Gürcüstan üzərindən keçən yüklərin həcminə ciddi təsir göstərəcəyi iddiası əsaslı deyil:
“Zəngəzur dəhlizinin açılmasının Gürcüstan üzərindən keçən yüklərin həcminə ciddi təsir göstərəcəyi iddiasına gəlincə, burada ciddi bir təsirdən söhbət gedə bilməz. Zəngəzur dəhlizinin illik yükötürmə qabiliyyəti təxminən 10-12 milyon ton həcmində nəzərdə tutulur. Halbuki, Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma gücü artıq 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu, o deməkdir ki, həmin xətt də tam gücü ilə işləyə bilər.
Diqqətçəkici məqam ondan ibarətdir ki, Azərbaycan Xəzər dənizində ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanını inşa edib. Əvvəlcə bu limanın illik yükgötürmə qabiliyyəti 15 milyon ton olaraq planlaşdırılsa da, hazırda bu göstəricinin 25 milyon tona qədər artırılması istiqamətində işlər davam etdirilir.
Yəni sadə hesablamadan da görünür ki, əgər Ələt limanına 25 milyon ton yük daxil olarsa və bunun cəmi 10-12 milyon tonu Zəngəzur dəhlizi ilə daşınarsa, qalan 13-15 milyon ton yük digər istiqamətdən, yəni Gürcüstan üzərindən daşınacaq. Gürcüstan üzərindən keçən kommunikasiya xətlərinin ötürücülük gücü də bu həcmi qarşılayacaq səviyyədədir”.
Poltoloq vurğulayıb ki, Saakaşvilinin mövqeyi daha çox Gürcüstanın daxili siyasi mübarizəsinin bir təzahürüdür:
“Bu baxımdan, Saakaşvilinin yanaşması daha çox Gürcüstanın daxili siyasi mübarizəsinin bir təzahürü kimi qiymətləndirilməlidir.
Ola bilsin ki, ölkədə bəzi siyasi dairələr Azərbaycan-Ermənistan gərginliyindən faydalanmağı düşünüblər və bunu məqbul hesab ediblər. Təbii ki, bu da mümkün variantdı. Bu düşüncə müəyyən qədər anlaşılan olsa da, Gürcüstan hökumətinin Azərbaycan–Ermənistan normallaşma prosesinə dair mövqeyi Saakaşvilinin dediklərindən xeyli fərqlidir. Məncə, iki ölkə arasında münasibətlərin normallaşması bütövlükdə regiona, o cümlədən Gürcüstana ciddi iqtisadi və siyasi faydalar gətirəcək”.