RU

ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılıb - ŞƏRH

Bakı, 11 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə səfəri istər yerli, istərsə də dünya mətbuatında geniş təhlil edilməkdədir. Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur. Bayden administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. Prezident İlham Əliyevin ABŞ-a səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilir. Səfər, həmçinin ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqi oldu. Vaşinqtonda aparılan müzakirələrin nəticələri, imzalanan sənədlər yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə işıq saldı. Ağ Evdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü ölkəmiz və regionumuz, eləcə də dünya üçün çox vacib, tarixi əhəmiyyət kəsb etdi. Bu görüş regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan mühüm addımdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

“Prezident İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamədə bu məqam xüsusi qeyd edilir ki, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”, - deyə deputat qeyd edib.

ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə mətbuata bəyanatla çıxış etmələrinə toxunan deputat deyib: “Dövlətimizin başçısı bəyanatında bildirdi ki, bu gün Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcək, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik.

Prezident İlham Əliyev və Prezident Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu da imzaladılar. Prezident İlham Əliyev bu fikri xüsusi vurğuladı ki, 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu”.

Malik Həsənov vurğulayıb ki, dövlətimizin başçısının ABŞ-a səfəri çərçivəsində atılan addımların xronologiyasına diqqət yetirməklə bir daha Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzunun, söz sahibliyinin şahidinə çevrilirik və bundan hər kəs qürur duyur: “İmzalanan sənədlər arasında Prezident İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”u da xüsusi qeyd etməliyik. Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsində satışa qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, üçtərəfli görüşün nəticəsinə dair Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Təxminən 5 ilə yaxındır ki, Ermənistan məsələni yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə - Zəngəzur dəhlizinin açılmasına nail olur. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gedişə nail olur”.

Deputat bildirib ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılıb: “Azərbaycan Prezidentinin liderliyi ilə formalaşan yeni Qafqaz reallığı beynəlxalq səviyyədə təqdir edilir. Prezident İlham Əliyevin Vaşinqton səfəri, “ExxonMobil”la əməkdaşlıq Azərbaycanı enerji təminatçısından regional güc mərkəzinə çevirmək istiqamətində mühüm addım kimi dəyərləndirilir. Bu, regionun inkişafına, sabitliyinə, beynəlxalq inteqrasiyasına böyük töhfə verəcək”.

 

Избранный
93
50
azertag.az

10Источники