RU

İspaniyada meşə yanğınlarında yanğınsöndürən həlak olub

Ajans.az Milli hökumətin nümayəndəsi Nicanor Senə istinadən xəbər verir ki, qurban 37 yaşlı Jaime Aparicio olub. O, Noqarejas şəhəri yaxınlığında digər könüllü ilə birlikdə iki yanğın cəbhəsi arasında qalıb və bədəninin 85%-i yanıb. Onun həmkarı, 35 yaşlı Abel Ramos, çərşənbə axşamı günü eyni yanğında həlak olmuşdu. Beləliklə, bu hadisə İspaniyada 2025-ci il ərzində meşə yanğınları ilə əlaqədar altıncı ölüm faktı kimi qeydə alınıb. Bundan əvvəl bazar ertəsi Madrid ətrafında baş verən başqa bir yanğında da bir nəfər ölmüşdü. Hazırda güclü külək və yüksək temperatur səbəbindən ölkənin müxtəlif bölgələrində təxminən 20 aktiv yanğın davam edir. Təxminən 9500 nəfər təxliyə edilib, yüzlərlə sakinə isə evlərini tərk etməmək tövsiyə olunub. Nəqliyyat idarəsinin məlumatına görə, azı 14 yol bağlanıb, Madrid ilə Qalisiya bölgəsi arasında qatarların hərəkəti dayandırılıb. İspaniya hökuməti yanğınlarla mübarizə üçün Avropa İttifaqından iki ədəd Canadair tipli su təyyarəsi göndərilməsini xahiş edib. Aİ Elm Mərkəzinin Birgə Tədqiqat Mərkəzinin məlumatına əsasən, 2025-ci ildə avrozona ölkələrində yanğınlar təxminən 440 min hektar əraziyə ziyan vurub ki, bu da 2006-cı ildən bəri orta göstəricidən iki dəfə çoxdur. Mütəxəssislər iqlim dəyişikliyinin Aralıq dənizi hövzəsində isti və quru hava şəraitini artırdığını, bunun da meşə yanğınları riskini yüksəltdiyini vurğulayırlar. İspaniyada yaz aylarında rekord səviyyədə yağan yağışlar bitki örtüyünün sürətlə böyüməsinə səbəb olub, quraq yay mövsümündə isə bu, yanğın təhlükəsini daha da gücləndirib.

 

Избранный
29
50
Ajans.az

10Источники