RU

NASA Aydakı zəlzələləri əvvəlcədən proqnozlaşdırmağa başlayır - FOTOlar

NASA Ay səthində baş verə biləcək seysmik təkanların proqnozlaşdırılması istiqamətində mühüm addım atıb. Qurum "Apollon" missiyalarından toplanan tarixi məlumatları və hazırda Ayın orbitində dövr edən "Lunar Reconnaissance Orbiter" (LRO) peykinin göndərdiyi ən son görüntüləri birləşdirərək təhlükə risklərini qiymətləndirir.

Milli.Az "Haber Global"a istinadən xəbər verir ki, Bu tədqiqatların əsas məqsədi insanları Ayın cənub qütbünə göndərəcək "Artemida III" missiyası öncəsi astronavtların və texniki avadanlıqların təhlükəsizliyini təmin etməkdir.

Məlumata görə, 1969-1977-ci illərdə Ay səthində yerləşdirilən "Apollon" seysmometrləri minlərlə yeraltı təkanı qeydə alıb. NASA bu arxiv məlumatlarını yenidən təhlil edərək onları LRO peykindən əldə edilən müasir müşahidələrlə müqayisə edir.

2009-cu ildən Ay ətrafında fəaliyyət göstərən LRO peyki, səthdə yerləşən qırılma xətləri boyunca sürüşən qayaların və torpaq sürüşmələrinin görüntülərini əldə edib. Bu da Ayın geoloji baxımdan hələ də aktiv olduğunu göstərən əlamətlərdən sayılır.

Xüsusilə "Apollon 17" missiyasının eniş etdiyi Toros-Littrou vadisində aparılan araşdırmalar nəticəsində məlum olub ki, bölgədəki iri qaya sürüşmələri orta hesabla hər 5,6 milyon ildən bir baş verən, 3.0 bal gücündəki təkanlarla əlaqəlidir.

Ayda baş verən zəlzələlər Yer kürəsindəki kimi güclü olmasa da (orta hesabla 5.0 bal), onların saatlarla davam etməsi ciddi narahatlıq doğurur. Bu, gələcəkdə Ay səthində qurulacaq yaşayış bazaları, eniş aparatları və insan heyətinin təhlükəsizliyi üçün ciddi risk yaradır.

NASA bu çərçivədə Ayın cənub qütbündə və uzaq tərəfində yeni seysmometrlər yerləşdirməyi planlaşdırır. Beləliklə, gələcək missiyalarda seysmik risklərin əvvəlcədən təyin edilməsi mümkün olacaq.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
75
32
milli.az

10Источники