RU

"Alyaska görüşü sülh gətirmədi, Putinin əlini gücləndirdi" -Politoloq

"Tramp-Putin görüşünün nəticələri ilə bağlı konkret bir açıqlama olmasa da, hər halda artıq müəyyən fikirlər səsləndirmək olar. Həm Trampın, həm Putinin, həm də onun komanda üzvlərinin səsləndirdiyi fikirlər ondan ibarətdir ki, onlar bir çox məsələlərdə anlaşma əldə ediblər, konstruktiv görüş keçirilib və bu görüşlərin davam etdirilməsi vacibdir. Artıq bu ayın 22-də növbəti görüşün keçiriləcəyi ilə bağlı da anons verilib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Tramp-Putin görüşünü şərh edən politoloq Oqtay Qasımov bildirdi.

Müsahibimiz bu görüşün sülh gətirəcəyinə şübhə etdiyini vurğuladı:

"Çünki hazırda görünən odur ki, Amerika Birləşmiş Ştatları Rusiyanın təkliflərini qəbul edərək, Ukraynaya təzyiq göstərməklə məhz Ukraynanın ərazi bütövlüyü hesabına Rusiyanın istəklərini təmin etmək və bununla sülh əldə etmək istəyir. Lakin nəzərə alsaq ki, işğalçı tərəf Rusiyadır, ona heç bir etimad yoxdur. Onun atdığı imzalara və verdiyi təminatlara da etibar etmək mümkün deyil. O baxımdan, hətta bu gün nəzəri cəhətdən Ukrayna bəzi ərazilərdən güzəştə gedərək sülh əldə etmək istəsə belə, gələcəkdə bu təminatlar və razılaşmalar pozulacaq, Rusiya isə Ukrayna üzərində öz planlarını həyata keçirməyə çalışacaq. Ümumiyyətlə, Rusiyanın maksimal planı ondan ibarətdir ki, Ukraynanın dövlət kimi mövcudluğuna son qoysun, Rusiya imperiyasını və ya Sovet İttifaqını bərpa etsin, keçmiş postsovet məkanındakı ölkələri isə öz nəzarəti altına alsın. Bu olduqca böyük iddialar və ambisiyalardır. Rusiya buna nail olacaqmı? Bu, kifayət qədər mürəkkəb bir prosesdir".

O.Qasımovun sözlərinə görə, Alyaska görüşü dünyaya sülh gətirəcək hansısa məsələni həll etmədi:

"Əksinə, Qərbdən, xüsusən də Amerika Birləşmiş Ştatlarından verilən açıqlamalara diqqət etsək, görünən odur ki, bu görüş daha çox Putinin əlini gücləndirdi. Alyaska sammiti hal-hazırda sanki 1938-ci ilin Münxen konfransını xatırladır. Yəni işğalçının könlünü almaq və onu sakitləşdirmək xətti tutulub ki, bu da gələcəkdə dünyada sülhə ən böyük təhlükə olacaq. Əslində, gələcək dayanıqlı sülh və əmin-amanlıq istəyiriksə, bu gün Rusiyanın imperiya ambisiyaları cilovlanmalıdır. Onun işğalçılıq siyasətinə qarşı müqavimət artırılmalı, bu müqavimətin əsas ünsürü kimi Ukraynaya ciddi dəstək verilməlidir. Rusiya işğal maşını sındırılmadıqca dünyada dayanıqlı sülhün əldə edilməsi mümkün olmayacaq".

Nuriyyə NATİQQIZI

Избранный
33
50
redaktor.az

10Источники