RU

Şəhid məzarlarında hörmətsizlik: Politoloq cəmiyyətin narazılığı və görüləcək tədbirləri şərh etdi - ÖZƏL

Şəhid məzarları önündə ərəb turistlərin qeyri-etik davranışları ilə bağlı video sosial şəbəkələrdə yayılıb. Görüntülərdə onların xoşagəlməz hərəkətləri əks olunub. Hadisədən dərhal sonra sözügedən şəxslər polis tərəfindən saxlanılıb.

Belə davranışların cəmiyyətimizdə yaratdığı narazılıq Azərbaycan-xarici ölkələr münasibətlərinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Məlum hadisə Azərbaycan ictimaiyyətində dərin narazılıq və hətta deyərdik ki, hiddət doğurub. Şəhidlər vətənin bütövlüyü və dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlardır, onlar dövlətimizin vətəndaşları olmaqla yanaşı, müxtəlif xalqlara və dinlərə məxsus olublar. Bu isə Azərbaycanda tolerant cəmiyyət, multikultiralizm dəyərlərinə hörməti xəbər verməklə yanaşı, milli kimliyindən asılı olmayaraq insanların dövlətçiliyə münasibətinin göstəricisi kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycana təşrif buyurmuş turistlərin əksəriyyəti ölkəmizin nadir təbiəti, onun qədim tarixi və zəngin mədəniyyətinə maraq göstərdiklərindən buraya gəlir, digər tərəfdən burada turistlərin istirahəti üçün zəruri infrastruktur, yüksək servis və xidmətlərin mövcudluğunun göstəricisi kimi diqqəti cəlb edir. Hərçənd bu sahədə görüləcək işlərimiz də var.
Turistlər mənsub olduqları dövlətləri rəsmən təmsil edən şəxslər deyillər və bu mənada onların buradakı hərəkətlərinə görə bəlli dövlətlər məsuliyyət daşımırlar. Lakin turistlər də Azərbaycan qanunvericiliyi çərçivəsində hərəkətlərinə görə məsuldurlar və onlar ölkəmizin tarixi abidələrinə, xalqımızın mental dəyərlərinə, milli və dini baxışlarımıza hörmətlə yanaşmağa borcludurlar. Onların qanundan kənar hərəkətlərinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən yerli və beynəlxalq qanunvericilik çərçivəsində alınmalı, etdikləri hərəkətlər qarşılığında dərhal ölkədən deportasiya olunmalı, lazım gələrsə cəzalandırılmalı və bu barədə diplomatik yollarla onların vətəndaşları sayıldıqları dövlətlərin bəlli institutlarına xəbərdarlıq edilməlidir.
Mətbuatda bəlli turistlərin Həmas və ya Hizbullahla bağlı olduqları barədə gedən məlumatlara gəlincə, onların mənşəyi müvafiq qurumlar tərəfindən araşdırılmalı və dezinformasiya mənşəli məlumatların ictimaiyyətdə çaşqınlıq yaratmaması üçün tədbirlər görülməlidir. Maraqlıdır ki, mətbuata sızdırılmış bəzi məlumatlarda bu hərəkətləri yəhudilərin deyil, məhz adı çəkilən qruplaşmalarla bağlı ərəblər tərəfindən edilməsi ilə bağlı məlumatlar da var. Azərbaycan ətrafında informasiya müharibəsinin genişləndiyi şəraitdə bu kimi məlumatlara qarşı cəmiyyət və bəlli institutlar xüsusilə vaxt sərf etməlidirlər.
Düşünürük ki, şəhidlərimizə bu kimi "turistlər" tərəfindən gələcəkdə də ola biləcək sayqısızlıq, cəmiyyətə mənəvi terrorun qarşısının alınması üçün şəhid məzarlarının Fəxri Xiyaban kimi dövlət tərəfindən qorunması üçün tədbirlər görmək lazımdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
50
olaylar.az

10Источники