RU

Zaman ermənilərin əleyhinə işləyir

Müharibələr nadir hallarda nöqtə ilə bitir. Onlar yalnız demarkasiya xətləri və imzalanmış bəyanatlarla yox, həm də siyasi-hüquqi reallığın toxumasında dərin struktur dəyişiklikləri ilə yadda qalır. Bu, xüsusilə Cənubi Qafqaz üçün keçərlidir - çünki bölgədə postmünaqişə status-kvonu yekun mərhələ kimi yox, yeni bir fazanın - institusional qeyri-müəyyənliyin, geosiyasi uyğunlaşmanın və nəticələrin izahı uğrunda diskursiv mübarizənin başlanğıcı kimi qəbul etmək lazımdır.
 
2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatması və xüsusilə 2025-ci ildə Vaşinqton danışıqlar raundunun yekunlaşmasından sonra Azərbaycan-Ermənistan münasibətləri post-realist transformasiya mərhələsinə keçdi. Bu mərhələdə formal çərçivələr hibrid tənzimləmə modelləri ilə əvəzlənir, hüquqi konturlar isə getdikcə daha çox siyasi praqmatizmlə müəyyənləşir.
 
Ənənəvi beynəlxalq təcrübədə postmüharibə dövrləri üçüncü tərəflərin iştirakı və təminatlı icra mexanizmləri ilə institusional vasitəçiliyi nəzərdə tutursa, Azərbaycanla Ermənistan arasındakı hazırkı dinamika geosiyasi reasimmetriya və hüquqi disbalans şəraitində cərəyan edir. Klassik balanslaşdırma prinsipləri artıq effektivliyini itirib. Yaranmaqda olan qarşılıqlı münasibətlər arxitekturası bir neçə mühüm dəyişikliklə xarakterizə olunur: çoxtərəfli vasitəçilikdən ikitərəfli diplomatiyaya keçid; universal normalardan situativ legitimləşməyə keçid; deklarativ razılaşmalardan praqmatik reallığa keçid.
 
Bu reallıqda "sabitlik" anlayışı belə yenidən düşünülməlidir. Eyni zamanda, sistemin özü sabit deyil - çünki o, institusional vakuum və öhdəliklərin icrasına nəzarət mexanizmlərinin yoxluğu şəraitində fəaliyyət göstərir.
 
2025-ci ilin ortalarında başa çatan Vaşinqton danışıqları mərhələsi postmüharibə diplomatik inersiyasını yeni reallıqdan ayıran dönüş nöqtəsi oldu. Bu yeni reallıqda artıq formal müqavilələr deyil, sabitlik ideyası ön plandadır - davamlı balanslaşdırma prosesinin nəticəsi kimi. Dominant aktor tək deyil - polisentrik təzyiqlər və şəbəkəvi diplomatiya yeni dinamikanı formalaşdırır.
 
Məqsədimiz postmünaqişə qarşılıqlı münasibətlərin yekun modelini təqdim etmək iddiası deyil. Əksinə, bu, konseptual xəritələşdirmə cəhdidir - normallaşma prosesinin dayanıqlığını ya zəiflədən, ya da dəstəkləyən əsas amillərin aşkarlanması və təhlili məqsədini daşıyır. Seçilmiş təhlükəsizlik, hüquqi legitimlik və beynəlxalq subyektlik paradiqması çərçivəsində biz beş qarşılıqlı əlaqəli analitik klaster müəyyənləşdiririk. Hər biri post-Vaşinqton reallığında konkret gərginlik vektorunu əks etdirir:
 
1. İnstitusional dekontruksiya - razılaşmaların icrasını müşayiət edən davamlı mexanizmlərin eroziyası və ya ümumiyyətlə olmaması, hüquqi normaların yerini qeyri-formal şəbəkə konvensiyalarının tutması;
 
2. Hüquqi indeterminasiyaya - formulələrin strateji qeyri-müəyyənliyi, interpretasiya tələləri və öhdəliklərin assimmetriyası;
 
3. Humanitar instrumentallaşma - humanitar gündəmin siyasi təzyiq və leqitimizasiya alətinə çevrilməsi;
 
4. Ərazi-hüquqi dualizm - de-fakto nəzarətlə de-yure tanınma arasında ziddiyyət, sərhədin delimitasiyası ilə bağlı çağırışlar;
 
5. Konstitusion revizionizm - ərazi iddiaları prizmasında dövlət quruluşunun əsaslarını yenidən yozmaq üçün institusional cəhdlər.
 
Bu beş klaster birlikdə regionda hüquqi və siyasi sabitliyin dayanıqsızlığını yaradan əsas sütunları təşkil edir. Belə bir şəraitdə normallaşma yalnız mexaniki razılaşmalar deyil, həm də hüquqi interpretasiya savaşı, diplomatik mühəndislik və geosiyasi risklərin kompleks tənzimlənməsi fonunda mümkündür. Araşdırmanın davamında bu faktorlar dərinliklə təhlil olunacaq.
 
Beləliklə, Azərbaycanla Ermənistan arasında formalaşan postmünaqişə matrisi təkcə diplomatik fenomen deyil, həm də çoxsaylı zəif nöqtələri olan mürəkkəb sistemdir. Bu sistemin daxili məntiqini dərk etmədən dayanıqlı sülhdən danışmaq mümkün deyil.
 
ATƏT-in Minsk Qrupunun normayaratma vasitəçiliyinin struktur daşıyıcısı kimi aradan çıxarılması danışıqlar prosesinin legitim platformasının deqradasiyasını simvolizə edir. Onun yerində isə institusional verifikasiya və hüquqi təmsilçilikdən məhrum olan, geosiyasi cəhətdən rəqabət aparan subyektlər - ABŞ, Aİ və Rusiya - arasında vasitəçilik funksiyalarının bölüşdürüldüyü qeyri-sabit polisentrik fasilitasiya modeli yaranır.
 
ABŞ-Ermənistan strateji dialoqu ilə əlaqələndirilən TRIPP layihəsi nəqliyyat funksionalizmini siyasi barış arxitekturasına inteqrasiya etmək cəhdi kimi təqdim olunur. Lakin nəqliyyat dəhlizlərinin hüquqi statusu ilə bağlı razılaşdırmanın və normativ tənzimləmənin olmaması, infrastruktur parametrlərinin hüquqi baxımdan qeyri-müəyyənliyi diskursiv interpretasiya rəqabəti şəraitində yeni münaqişə ocaqları yaradır.
 
Erməni diplomatik ritorikası siyasi münaqişəni sistematik şəkildə humanitarlaşdıraraq, etnik viktimizasiya narrativlərini saxta, əsassız "etnik təmizləmə", "soyqırım" və "məcburi köç" kimi qondarma evfemistik konstruksiyalar vasitəsilə səsləndirir. Fəqət bu cür leksik çərçivə beynəlxalq humanitar hüququn əsas anlayışlarını, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda qeyd olunan kriteriyaları nəzərə almır.
 
Kollektiv məsuliyyətin əvəzinə fərdi məsuliyyət prinsipinə və mens rea (niyyət) meyarının tətbiqinə əsaslanan hüquqi yanaşma 2023-cü ildə Qarabağda baş verən hadisələrə dair erməni iddialarının hüquqi əsasını zəiflədir. Əhalinin könüllü şəkildə ərazidən çıxması, cəza və ya repressiya mexanizmlərinin olmaması fonunda, hüquqa zidd əsas olmadan deportasiya kimi qiymətləndirilə bilməz (ex injuria jus non oritur). Həmçinin bu halın "müdafiə üçün məsuliyyət" (R2P) doktrinası çərçivəsində təqdim edilməsi də metodoloji baxımdan əsassızdır, çünki sistemli repressiya üçün tələb olunan kumulyativ faktorlar mövcud deyil.
 
Ermənistanın münaqişənin aktiv fazası başa çatdıqdan sonra saxlanılan şəxsləri hərbi əsir kimi tanıtmaq cəhdi beynəlxalq hüququn pozitiv normaları ilə ziddiyyət təşkil edir. 1949-cu il Cenevrə Konvensiyasına (III) əsasən, hərbi əsir statusu yalnız silahlı münaqişə zamanı əsir götürülmüş və kombatantlıq kriteriyasına cavab verən şəxslərə şamil olunur. Silahlı fazadan kənarda bu statusun tətbiqi ultra vires xarakter daşıyır.
 
Azərbaycanın hüquq-mühafizə təcrübəsi saxlanılan şəxslərlə bağlı daxili cinayət-prosessual qanunvericiliyə və beynəlxalq cinayət əməkdaşlığının normalarına əsaslanır. Diversiya, terror aktları və qətllərdə təqsirləndirilən şəxslərin "girovlar" və ya "siyasi repressiya qurbanları" kimi təqdim olunması isə rule of law (qanunun aliliyi) doktrinası və milli yurisdiksiyaya qarışmama (domestic jurisdiction clause) prinsipinə zidd olan semantik manipulyasiyadır.
 
Azərbaycan ərazisinin guya "Ermənistanın torpaqlarını işğal etməsi" kimi təqdim olunan absurd ritorik strukturlar ərazi iddialarının siyasi manipulyasiyasına əsaslanaraq, xəritəçilikdə münaqişəli dualizm paradiqmasını formalaşdırır. Bu halda dövlət sərhədinin delimitasiyası prosesi hüquqi əsaslardan sıxışdırılaraq siyasi hədd-hüdudsuzluq sahəsinə ötürülür. Halbuki dövlət sərhədlərinin delimitasiyası yalnız arxiv xəritələri, hüquqi sənədlər və texniki altkomissiyaların iştirakı ilə ikitərəfli konsensus əsasında həyata keçirilə bilər.
 
Sərhədlərin siyasiləşdirilməsi və topoqrafik mübahisələrin parlament və ya media ritorikası səviyyəsində ictimailəşdirilməsi, beynəlxalq hüququn ex aequo et bono (ədalətlilik və vicdanlılıq) prinsipini pozur və bütün tərəflər üçün hüquqi qüvvəyə malik sazişlərin (erga omnes) bağlanmasına mane olur. Bundan əlavə, Ermənistan tərəfi saxta bir dilemma yaradır: guya sülh yalnız Azərbaycan əvvəlcədən hüquqi əsaslara uyğun gəlməyən şərtləri yerinə yetirdiyi təqdirdə mümkündür. Bu isə danışıqlarda konsensus əsaslı minimalizm prinsipinin pozulması deməkdir.
 
Ermənistanda hazırkı konstitusiya islahatı layihəsi ərazi iddialarına əsaslanan ritorikanı konstitusiyadan çıxarmağa yönəldilsə də, həm institusional, həm də sosial-siyasi sabotajla üzləşir. Beynəlxalq hüququn üstünlüyü (supremacy of international law) prinsipinə zidd olaraq, Ermənistan Konstitusiyasının mövcud redaksiyasında BMT Nizamnaməsində təsbit olunmuş ərazi bütövlüyü və güc tətbiq etməmək (non-aggression clause) prinsipini pozan müddəalar hələ də qalır.
 
Ultramilitarist, klerikal və diaspor təsirli aktorların parlament diskursuna təsiri konstitusiya islahatlarının məzmununda kəskin ziddiyyət yaradır. Bu ziddiyyət Ermənistanın sülh prosesində üzərinə götürdüyü öhdəliklərlə daxili hüquqi norma sistemi arasında kognitiv dissonans yaradır. Hüquqi reallığın status quo ante bellum (müharibədən əvvəlki vəziyyət) səviyyəsində qalması Ermənistanı paradoksal vəziyyətə salır: rəsmi İrəvan Azərbaycandan güzəştlər tələb edir, lakin öz daxilində bu güzəştləri simmetrik şəkildə əsaslandıracaq heç bir hüquqi dəyişiklik etmir.
 
2020-ci ildə 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti və 2023-cü ilin sentyabrında Qarabağda separatizmin tamamilə ləğvi Cənubi Qafqaz regionunu formal olaraq postmünaqişə mərhələsinə daxil etdi. Lakin bu mərhələ sabit bir sülh dövrünü deyil, daha çox qeyri-sabit, hüquqi baxımdan qeyri-formalaşmış və bir çox hallarda müxtəlif yozumlara açıq olan kvazi-sülh konfiqurasiyasını xatırladır. Müharibə bitmiş kimi görünsə də, sülhün hüquqi mahiyyəti hələ də rəsmiləşdirilməyib və bu səbəbdən interpretasiya mübarizəsinin obyektinə çevrilib.
 
Bu vəziyyət unikal olmasa da, Cənubi Qafqazda xüsusilə kəskin şəkildə təzahür edir. Çünki burada imperiya miraslarının, geosiyasi rəqabətin və zəif beynəlxalq mexanizmlərin üst-üstə düşməsi nəticəsində sülhə doğru atılan hər bir addım yeni bir mübarizə meydanına çevrilir. Bu paradoksun mərkəzində isə universal şəkildə qəbul olunmuş, hüquqi baxımdan rəsmiləşdirilmiş və institusional şəkildə təmin olunmuş sülh müqaviləsinin olmamasıdır.
 
Yaranmış hüquqi mənzərə beynəlxalq hüquq nəzəriyyəsində "norm collision" (normativ toqquşma) kimi tanınan fenomenə bənzəyir - müxtəlif hüquq rejimləri arasında uyğunsuzluq müşahidə olunur. Beynəlxalq humanitar hüquq, insan hüquqları hüququ, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipləri siyasi manipulyasiya vasitəsinə çevrilib, lakin onlar vahid hüquqi çərçivədə birləşdirilməyib və sinxronlaşmayıb.
 
Ermənistan və onun qərbli tərəfdaşları - xüsusilə Fransa, Belçika və bir sıra QHT-lər - humanitar gündəliyi siyasi təzyiq vasitəsinə çeviriblər. Human Rights Watch, Amnesty International və AŞPA-nın hesabatları (məsələn, AŞPA-nın 2023-cü il tarixli 2517 saylı Qətnaməsi) konkret epizodlardan istifadə edərək "humanitar fəlakət" narrativini qurmağa çalışır. Bu zaman isə heç bir prosessual yoxlama aparılmadan, hüququn fundamental prinsipləri - günahsızlıq prezumpsiyası və obyektivlik - pozulur.
 
Bu praktika "lawfare" (hüquq savaşı) kimi qiymətləndirilə bilər - yəni beynəlxalq hüquq ədalət aləti deyil, simvolik və siyasi hegemonluq uğrunda mübarizə silahına çevrilir.
 
Ermənistan 2022-ci il 6 oktyabrda Praqada Aİ-nin vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, faktiki olaraq erməni cəmiyyətində və siyasi elitasında ərazi iddialarının yenidən konseptuallaşdırılması davam edir. "1920-ci illərin xəritələri", "Qərbi Zəngəzur" ritorikası və sərhədlərin reviziyası çağırışları yenidən gündəmə gətirilir. Bu isə BMT Nizamnaməsinin 2(4)-cü maddəsində təsbit olunan dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipini pozur və münaqişənin təkrar alovlanması üçün zəmin yaradır.
 
Azərbaycanla Ermənistan arasında hələ də sülh müqaviləsinin imzalanmaması postmünaqişə prosesini danışıqlar entropiyasına çevirib - bu, o haldır ki, çoxsaylı danışıqlar kanalları mövcuddur, lakin heç biri ümumi nəticə vermir. Brüsseldə, Moskvada, Vaşinqtonda və digər beynəlxalq forumlarda keçirilən onlarla görüş dayanıqlı sülhün institusional əsaslarını formalaşdırmayıb.
 
Əsas struktur çatışmazlıqlar aşağıdakılardır:
 
a) Müqavilə boşluğu: tərəflərdən heç biri parlamentlər tərəfindən ratifikasiya olunmuş, beynəlxalq təminatlara malik rəsmi sülh müqaviləsi mətni təqdim etməyib.
 
b) İnstitusional vakuum: tərəflər arasında mübahisələrin həlli, razılaşmalara nəzarət və prosedur normalar üçün ümumi bir mexanizm yoxdur (müqayisə üçün: Donbas üzrə Minsk razılaşmaları və ya Bosniya üzrə Deyton müqaviləsi).
 
c) Normativ assimmetriya: hətta əsas anlayışlar - "delimitasiya", "kommunikasiyaların açılması", "demilitarizasiya" - İrəvan tərəfindən tamamilə fərqli şəkildə şərh olunur.
 
Bu struktur boşluqlar postmünaqişə arxitekturasının sabitliyinə mane olmaqla yanaşı, diplomatik prosesin legitimliyini də zəiflədir. Gələcəkdə sülhün real şəkildə təmin olunması üçün bu boşluqların aradan qaldırılması zəruridir.
 
Post-Vaşinqton tənzimləməsi marşrutunda rasional çıxış yolu hüquqi əsasların və institusional mexanizmlərin bərqərar edilməsindən keçir. Siyasi mənzərənin qeyri-müəyyənliyi, maraqların toqquşması və ritorikanın boşluğu yalnız hüquqla əvəz olunduqda real nəticələr əldə etmək mümkündür.
 
Əvvəla, danışıqlar siyasi ritorikadan və emosionallıqdan təmizlənməlidir. Bunun əvəzinə beynəlxalq hüququn norma və prinsiplərinə söykənən, açıq şəkildə kodlaşdırılmış sülh müqaviləsi hazırlanmalıdır. Belə müqavilənin təməl sütunları kimi aşağıdakı elementlər önə çıxır: Azərbaycanın 1991-ci il sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması (bu, Helsinki Yekun Aktı və MDB-nin Almatı Bəyannaməsi ilə təsdiqlənib), mübahisələrin beynəlxalq hüquqi mexanizmlərlə - o cümlədən, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi və ya beynəlxalq arbitraj vasitəsilə - həlli, habelə kommunikasiyaların açılması və qarşılıqlı təminatların həyata keçirilməsi üzrə konkret prosedurlar.
 
İkinci mühüm istiqamət formatların institusionalizasiyasıdır. İndiyədək aparılan qeyri-formal və nəticəsiz görüşlər əvəzinə, daimi fəaliyyət göstərən hökumətlərarası komissiyalar yaradılmalıdır. Onların konkret mandatı, iş qrafiki, prosedur normaları və pozuntulara qarşı hüquqi sanksiyaları olmalıdır. Beləliklə, proses "protokol görüntüləri" səviyyəsindən çıxaraq hüquqi məsuliyyətli dialoq müstəvisinə keçəcək.
 
Üçüncü mərhələ isə universal hüquqi konsensusun əldə olunmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, beynəlxalq hüququn dörd baza prinsipi dəyişməz və şərtsiz şəkildə qüvvədə qalmalıdır: dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq və bərabərlik prinsipi. Bu dəyərlər BMT Baş Assambleyasının qəbul etdiyi 2625 (XXV) saylı "Dostluq münasibətləri haqqında Bəyannamə"də də hüquqi sistemin dayaqları kimi göstərilir. Bu prinsiplər üzrə tərəflər arasında ümumi razılaşma əldə olunmadan, istənilən saziş yalnız kağız üzərində qalacaq və real sabitliyə çevrilməyəcək.
 
Bugünkü tənzimləmə mərhələsini rəsmi İrəvan və onun havadarları, fransız filosof Jan Bodriyarın təbirincə desək, sülhün simulyakrına - yəni məzmunun əvəzinə forma, nəticənin yerinə görüntü, sülhün özünün əvəzinə onun təsiri çıxış etməsinə - çevirməyə meyllidir. "Yol xəritələri", "bəyannamələr", "məsləhətləşmələr" sadəcə simvolik addımlardır və hüquqi təminatla, mexanizmlə, məsuliyyətlə müşayiət olunmayınca, nə regionda sabitlik, nə də tərəflər arasında real anlaşma mümkündür.
 
Əgər bu kvazi-sülh ritorikasından çıxılaraq hüquqi əsaslı və institusional təməlli sülh modelinə keçid baş verməsə, bu vəziyyət "dondurulmuş münaqişə" kimi qalacaq. Dondurulmuş münaqişələrin təbiəti isə ondan ibarətdir ki, onlar həmişə gözlənilməz bir anı partlayış nöqtəsinə çevrilə bilər - istər daxili siyasi dəyişikliklər, istər kənar geosiyasi təzyiqlər, istərsə də təsadüfi insidentlər nəticəsində.
 
Sülh - bu, sadəcə atəşkəs və ya müharibənin olmaması deyil. Sülh - hüquqi təminatı, beynəlxalq tanınması və qarşılıqlı razılaşması olan nizamdır. Əgər bu nizam qurulmayıbsa, o zaman sülhdən deyil, onun imitasiyasından danışmaq olar. Gerçək sülh, hüququn sülhə çevrildiyi andan başlayır. Bütün qalanı isə illüziyadır.
 
Ermənistan rəhbərliyi romantik bəyanatlarla sülhə çağırış ritorikasından əməli işə keçməli, baş nazir Nikol Paşinyan real addımlar atmalı və qərarlar qəbul etməlidir.
 
Səbəb sadə: zaman ermənilərin əleyhinə işləyir.
 
Elçin Alıoğlu
Trend
Избранный
45
4
moderator.az

5Источники