RU

Ukrayna müharibəsinin səbəbləri barədə Putinin izahı mübahisə doğurdu...


“Ukraynada böhran 2014-cü ildə Qərbin Kiyevdə təhrik etdiyi dövlət çevrilişi nəticəsində yaranıb”. Bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı deyib.

Rusiya prezidenti iddia edib ki, Qərbin davamlı olaraq Kiyevi NATO-ya cəlb etmək cəhdləri Rusiya-Ukrayna münaqişəsinin “əsas səbəblərindən” biridir. O qeyd edib ki, münaqişə əsasən 2014-cü ildə Kiyevdə Qərbin təhrik etdiyi dövlət çevrilişinə görə yaranıb: “Böhranın ikinci səbəbi Qərbin Ukraynanı NATO-ya cəlb etmək üçün davamlı cəhdləridir ki, bu, bizim dəfələrlə vurğuladığımız və uzun illər ərzində dediyimiz kimi, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir”.

Putin 2014-cü ildə baş vermiş dövlət çevrilişi nəticəsində Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyən ölkənin siyasi rəhbərliyinin kənarlaşdırıldığını da iddia edib.

Doğrudanmı Rusiyanın Ukraynaya müdaxiləsi orada baş verən dövlət çevrilişi ilə bağlıdır? Putinin bu yanaşması nə dərəcədə doğru izahdır ki, Ukraynada müharibənin səbəbinin kökü orada 2014-cü ildə baş verən dövlət çevrilişi ilə bağlıdır? Daha sonra 2019-cu ildə Zelenskinin hakimiyyətə gəlməsi ilə əlaqədardır. Bütün bu arqumentlər nə dərəcədə doğrudur?

Musa Ağayev: “Putinin arqumentlərində həqiqət var”

Məsələyə münasibət bildirən Yeni Zaman Partiyasının sədri Musa Ağayevin fikrincə, Putinin arqumentlərində həqiqət var: “Elə məsələlər var ki, onlara obyektiv yanaşmaq lazımdır. Ukraynada Viktor Yanukoviç 2010-cu ilin fevralında keçirilən seçkilərdə qalib gələrək prezident seçilmişdi. Qərb Yanukoviçi devirməkdən ötrü 2013-cü ilin noyabrında Kiyevdə mintinqləri alovlandırdı. Aylarla etiraz aksiyaları keçirildi və nəhayət Yanukoviç hakimiyyətini 2014-cü ilin fevralında devirdilər. Ondan sonra baş verən hadisələr məlumdur. Rusiya Krımı ilhaq etdi, Luqansk və Donetskin müəyyən hissəsini bu ölkəyə yaxın olan qüvvələr ələ keçirdilər. Əslində Ukraynada baş verənlər Rusiya-Qərb savaşıdır. İlk dəfə bunun əlamətləri 2004-cü ildə Ukraynada baş verən rəngli inqilabdan sonra özünü göstərməyə başladı. Məsələ ondadır ki, dünyanın arxitekturası yenidən qurulur və bunun başında Qərb dayanır. Qərb bütün dünya ölkələrində özünə yaxın qüvvələri hakimiyyətə gətirməyə çalışır. Rusiya dəfələrlə bəyan etdi ki, Gürcüstan və Ukraynanın NATO ilə yaxınlaşması, bu bloka inteqrasiyası Rusiyanın milli maraqlarına təhdiddir. Qərb bunu nəzərə almadı və nəticədə belə qanlı müharibəyə bais oldular. NATO Şərqə doğru genişlənməməli idi, amma Qərb bu vədinə əməl etmədi”.

Məhərrəm Zülfüqarlı: “Rusiya beynəlxalq hüquq tanımır, region ölkələrinin suverenliyinə hörmət etmir”

Tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı isə məsələyə fərqli prizmadan yanaşdı: “Putinin bu açıqlaması Rusiya dövlətinin böhran keçirdiyini bir daha sübut edir. Bu adam, uzun müddət kəşfiyyat sistemində işləməsinə baxmayaraq, ən azı müasir dünyanı dərk etmir. İnsan haqları, demokratik dəyərləri inkar edir. Demokratik seçkiləri ümumiyyətlə yaxın buraxmır. Üç il yarımdır Ukraynaya qarşı təcavüzkar qanlı müharibə aparır. Slavyan olan Ukrayna xalqını qırır, mülki obyektləri hədəf alır, dinc insanları öldürür. Təsadüfi deyil ki, Beynəlxalq Məhkəmə Putini cinayətkar elan edib. Əksər ölkələrə gedə bilmir. Çünki gedən kimi həbs olunacaq. Ona görə də özünü müdafiə etmək üçün son addımlarını atır. Bu da mümkün olan iş deyil. Hər bir müstəqil dövlətin öz seçimi var. Niyə Şərqi Avropa ölkələri, o cümlədən Ukrayna NATO-ya can atırdı? Çünki Rusiyanın təcavüzündən qorunmaq istəyirlər. NATO ölkələrində demokratiya, insan haqlarına hörmət var. Həyat səviyyəsi yüksəkdir. Rusiya beynəlxalq hüquq tanımır, region ölkələrin suverenliyinə hörmət etmir. Bax budur məsələnin kökü. Putin xalqların seçki hüququna, seçiminə hörmət etmir”.

Vidadi ORDAHALLI

Избранный
94
50
baki-xeber.com

10Источники