RU

“Zəngəzur dəhlizi Bakı-Tbilisi-Ceyhan kimi mühüm rol oynaya bilər” -

Cənubi Qafqazda baş verən son siyasi proseslər regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirəcək əsas amillərdəndir. Bakı və İrəvan arasında əldə olunan anlaşma yeni iqtisadi reallıqların formalaşmasına zəmin yaradır. Qarşılıqlı hörmət və faydalılıq prinsiplərinə əsaslanan əməkdaşlıq modeli göstərir ki, regional inteqrasiya proseslərində iştirak edən hər bir dövlət bundan fayda götürə bilər.Metbuat.az-ın müxbiri Bakı ilə İrəvan arasında əməkdaşlığın regional perspektivləri, həmçinin Azərbaycanın bölgədə möhkəmlənən mövqeyinin Ermənistan iqtisadiyyatı üçün yarada biləcəyi dividentlər barədə Milli Məclisin deputatı Əli Məsimli ilə həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik:– Əli müəllim, avqustun 8-də Vaşinqtonda imzalanan Sazişdən sonra Zəngəzur dəhlizinin açılması məsələsinin aktuallaşması region üçün hansı siyasi və iqtisadi nəticələr doğura bilər və beynəlxalq ictimaiyyətin bu prosesə müsbət münasibəti nədən irəli gəlir?Avqustun 8-də Vaşinqtonda imzalanan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişdən sonra Zəngəzur dəhlizinin açılması məsələsinin aktuallığı daha da artıb. Məlum olduğu kimi, Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan tərəfindən gündəmə gətirildi və üçtərəfli bəyanata daxil edildi. Artıq Üçtərəfli Birgə Bəyannamənin əsas müddəalarından biri Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması – xüsusi hüquqi bazası olan öhdəlikdir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması məsələsinin sadəcə niyyət yox, real siyasi gündəmə çevrilməsi Zəngəzur dəhlizinin açılması şanslarını daha da artırıb. Zəngəzur dəhlizinin açılmasını həm beynəlxalq ictimaiyyət müsbət dəyərləndirir, həm də bunun zəruriliyini beynəlxalq güclər qəbul edirlər.– Zəngəzur dəhlizinin lokal, regional və beynəlxalq müstəvilərdə açılmasının Azərbaycan, Ermənistan və region ölkələri üçün hansı iqtisadi və strateji üstünlüklər yaratması gözlənilir?Zəngəzur dəhlizinə münasibətdə Bakı və İrəvan arasındakı son anlaşma regional yükdaşımaların inkişafına və logistika sahəsinə əhəmiyyətli töhfələr verə bilər. Bunu üç müstəvidə əsaslandırmaq daha böyük aydınlıq gətirər. Çünki Zəngəzur dəhlizinin açılması daha çox üç müstəvidə önəm kəsb edir: ayrıca bir dövlətə faydası timsalında, yəni lokal, regional və beynəlxalq.Zəngəzur dəhlizi keçdiyi hər bir ölkədə yerli inkişafa təkanverici amil kimi çıxış etməklə ilk növbədə lokal müstəvidə fayda gətirəcək. Zəngəzur dəhlizi hər şeydən əvvəl Naxçıvan Muxtar Respublikasını nəqliyyat-kommunikasiya blokadasından çıxarır və bu əsasda Türk Dünyasını birləşdirir. Zəngəzur dəhlizinin gerçəkləşməsi Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq. Bu baxımdan Zəngəzur dəhlizi Azərbaycan üçün strateji zərurət xarakterli bir məsələdir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın 30 ilə yaxın işğal altında olmuş cənub-qərb rayonları, Ermənistanın Sünik bölgəsi və Türkiyənin şərq vilayətləri biri-birinə bağlanmaqla hər üç bölgədəki yerli iqtisadi inkişafa mühüm töhfə verəcək. Zəngəzur dəhlizinin açılması regional yükdaşımaların genişlənməsi, logistikanın inkişafı və digər sahələrdə həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə, eləcə də regionun digər ölkələri üçün faydalı olacaq.– Zəngəzur dəhlizinin regional müstəvidə açılması nəqliyyat-logistika şəbəkəsində hansı üstünlüklər yaradacaq və Azərbaycanın postmüharibə dövründə əldə etdiyi nailiyyətlərin möhkəmləndirilməsinə necə xidmət edəcək?Zəngəzur dəhlizinin regional müstəvidəki önəmi bir sıra istiqamətlər üzrə regionda həm məsafə, həm də zaman – yəni yüklərin mənzilbaşına çatma müddəti baxımından əlverişli alternativ təşkil etməsidir. Bu dəhliz Naxçıvanla birbaşa quru əlaqəsi yaratmaqla yanaşı, Türkiyə və daha geniş mənada Türk Dünyası ilə əlaqələri gücləndirir. Bu dəhliz Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü olmaqla yanaşı, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan–Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Zəngəzur dəhlizi həm Azərbaycanı, həm də digər region ölkələrini Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir. Bundan əlavə, bu yolun açılması Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi böyük qələbənin və postmüharibə dövründə əldə olunan nailiyyətlərin infrastruktur diplomatiyası vasitəsilə möhkəmləndirilməsinə xidmət edir. Bu dəhliz dəmir yolu və quru yolu, həm də Xəzər dənizində gəmi nəqliyyatının genişlənməsinə müsbət təsir göstərəcək. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyəti ildə 15 milyon tondan 25 milyon tona çatdırılacaq.– Zəngəzur dəhlizinin beynəlxalq müstəvidə açılması Şərq–Qərb nəqliyyat marşrutuna və Orta dəhlizin inkişafına hansı yeni imkanlar yaradacaq və bu prosesdə Çin hansı maraqlara sahib ola bilər?Zəngəzur dəhlizinin beynəlxalq müstəvidə əhəmiyyəti daha çox Çindən gələn malların getdikcə daha çox dərəcədə perspektivli alternativ yol kimi Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınması imkanlarının genişlənməsindədir. Bu əsasda Zəngəzur dəhlizi Şərq–Qərb nəqliyyat dəhlizinin vacib seqmentinə çevrilməklə Avropa və Asiya arasında önəmli ticarət marşrutu kimi çıxış edəcəkdir. Orta dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşruta çevrilir. Son 3 ildə Orta dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 2 dəfəyə yaxın artıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə Bakının İrəvanla əldə etdiyi razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarını daha da genişləndirəcək, yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalacaq və Orta dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Zəngəzur dəhlizi işə salınsa, Azərbaycan ərazisindən təkcə Bakı–Tbilisi–Qars yox, ikinci yol da keçəcək. Bu isə əlavə yüklər üçün imkanlar açacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövləti də bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək və deməli, həmin yolun logistik və digər sahələrdə inkişafında maraqlı olacaq.– Azərbaycanın Cənubi Qafqazda söz sahibi olması Ermənistan üçün hansı potensial iqtisadi dividentlər yarada bilər və Azərbaycan–Gürcüstan əməkdaşlığı bu baxımdan hansı nümunəni təqdim edir?Azərbaycanın Cənubi Qafqazda söz sahibi olması Ermənistanın iqtisadiyyatına hansı dividentlər qazandırması məsələsinə gəldikdə isə Azərbaycan–Gürcüstan münasibətləri kontekstində belə bir müqayisədən istifadə etməklə təkcə onu qeyd etmək kifayətdir ki, qarşılıqlı hörmətə və qarşılıqlı faydalılıq prinsipinə əsaslanan Azərbaycanla Gürcüstan əməkdaşlıq münasibətləri Gürcüstanın inkişafına nə qədər fayda verdiyi nümunə göstəriləsi çox önəmli bir faktdır. Gürcüstan müstəqillik qazandıqdan sonra tutduğu yol hesabına regionda ən böyük potensiala malik olan Azərbaycan sayəsində kifayət qədər fayda götürür və iki ölkə arasındakı münasibətlər regionda sülh, sabitlik və tərəqqiyə xidmət edir. Ölkəmizin xoşməramlı siyasəti sayəsində Azərbaycanla Gürcüstan əməkdaşlığının yeni mərhələsi başlayıb. Bu, özünü Azərbaycan–Gürcüstan münasibətlərinin bütün istiqamətlərində göstərməkdədir. Bizim əlaqələrimiz ticari-iqtisadi, enerji, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı, müdafiə sənayesi kimi bir çox sahələri əhatə edir. Ölkələrimizin iştirak etdiyi strateji meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa və Bakı–Tbilisi–Qars öz bəhrəsini verir. Bu qlobal layihələr strateji tərəfdaşlığın əsasını təşkil edir. Yeni dünya düzəninin yeni reallıqları bu layihələrin aktuallıq və perspektivlərini daha da artırıb.– Ermənistan siyasi iradə göstərib Azərbaycanla qarşılıqlı faydalılıq prinsipi əsasında əməkdaşlıq etsə, Zəngəzur dəhlizinin reallaşması bu ölkə üçün hansı iqtisadi və siyasi imkanlar aça bilər?Ermənistan isə müstəqillik qazandıqdan sonra Rusiyanın forpostuna çevrilib, onun dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməyə üstünlük verdi. Bu yolun acı nəticələri göz qabağındadır. İndi çox ibrətamiz bir həqiqət anıdır... Ermənistan da siyasi iradə ortaya qoyub regionumuzda davamlı olaraq sülh, sabitlik və tərəqqiyə xidmət edən siyasət yeritsə, Azərbaycanla əlaqələrini qarşılıqlı hörmət və qarşılıqlı faydalılıq prinsipinə əsaslanaraq davam etdirsə, o da Gürcüstan kimi bundan yalnız fayda götürə bilər. Azərbaycanla Gürcüstan əməkdaşlığının genişlənib-dərinləşməsində Bakı–Tbilisi–Ceyhan layihəsinin reallaşdırılması hansı rolu oynayıbsa, başlanğıc kimi Zəngəzur dəhlizinin reallaşdırılması da Azərbaycanla Ermənistan münasibətlərinin normallaşdırılması və sonra genişləşməsində o cür mühüm rol oynaya bilər. Ona görə də lokal əhəmiyyətindən əlavə çox böyük regional və beynəlxalq əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması Ermənistan üçün indi onların təsəvvür etdiklərindən də geniş fürsətdir.Gülbəniz Hüseynli / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.


Избранный
49
50
metbuat.az

10Источники