2025-ci ilin 3 ayı (iyun, iyul və avqust ayları) ərzində 26 nəfər suda boğularaq ölüb. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Üç ayda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 79 müraciət (11-i qadın, 68-i kişi cinsli olmaqla) daxil olub.
"23 nəfər suda boğulma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi xidmət üçün tibb müəssisələrinə təxliyə olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 30 nəfərə isə yerində tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün tibb müəssisəsinə hospitalizasiyaya ehtiyac yaranmayıb", - məlumatda deyilir.
Ümumilikdə, 26 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Sudaboğulma hadisəsi ilə əlaqədar Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şirvan, Astara, Tovuz, Saatlı, Lənkəran, Qəbələ, Zaqatala, İmişli və Ağdaş rayonlarından da müraciətlər daxil olub.
Aytac Zeynalova