RU

Formula 1 pilotları Paddock-da: Yarışa sayılı saatlar qaldı

Formula 1 pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran Prisi üçün Bakı Şəhər Halqasında artıq hazırlıqlara başlayıblar. Bu yarış mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alır. Dünyanın ən məşhur Formula 1 pilotları artıq Bakının Paddock ərazisindədirlər. Sabah start götürəcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 öncəsi, yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.

Paddock nədir? Formula 1-də Paddock – komandaların qarajlarının, texniki avadanlıqların, mühəndislərin və pilotların toplandığı əsas mərkəzdir. Burada komandalar bolidlərini yarışa hazırlayır, pilotlar media ilə görüşür, strategiyalar müzakirə olunur və ən vacib qərarlar qəbul edilir. Sadəcə yarışın ürəyi deyil, həm də onun kulisidir.

Bu gün Paddock-da Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso və s. kimi dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar. Media nümayəndələri üçün isə bu, eksklüziv görüntülər əldə etmək üçün nadir fürsət olub.

Pilotların Paddock-a gəlişi artıq Bakı küçələrində Formula 1 atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.

Formula 1 həvəskarları üçün Paddock – dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir. Qeyd edək ki, bu il Azərbaycan Qran Prisində  ilk dəfə datışa çıxarılan Champions Club biletlərinə Paddock turları da daxildir. Sabah start götürəcək yarışla birlikdə bu zona sürət, taktika və adrenalinlə dolacaq və tamaşaçılar unudulmaz anların şahidi olacaqlar.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 öncəsi ilk mətbuat konfransı bu gün baş tutdu. Sürücülər komanda strategiyaları, Bakı şəhər trasının özünəməxsus xüsusiyyətləri və yarışdan gözləntiləri barədə fikirlərini bölüşdülər.

McLaren sürücüsü Oskar Piastri komanda daxilində aparılan müzakirələrin önəmini vurğulayaraq, “Komandanın qərarlarına hörmət edirəm və bütün güvənim onlardadır. Mənim əsas diqqətim öz performansımı yaxşılaşdırmaqdır” dedi.

Sürücülər, həmçinin, Bakı şəhər trasının uzun düzlükləri, kəskin əyləc zonaları və rəqabətli ötüşmə imkanları ilə unikal olduğunu qeyd etdilər.

Konfrans mövsümün qalan yarışlarında mümkün çempionluq mübarizəsi və gələcəkdə sprint yarışlarının formatı ilə bağlı suallarla yekunlaşdı.

Dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq və onların təhlükəsizliyi üçün ən önəmli komanda artıq hazırdır - "Formula-1" marşalları. Bu il 1 500-ə yaxın marşal "Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025"də iştirak edərək yarışın təhlükəsizliyini təmin edəcək.

Marşallar bu gün səhər saatlarından etibarən Atletlər kəndində yerləşən marşal düşərgələrindən tras ərazisinə yola düşüblər. Onlar artıq postlarına yerləşərək yarış günlərində qarşılaşa biləcəkləri bütün vəziyyətlərə hazırlaşırlar.

Marşallar müxtəlif funksional qruplara bölünür: yanğın marşalları, bayraq marşalları, trek marşalları və digər dəstək komandaları. Hər bir qrupun özünəməxsus vəzifəsi var, amma hamısını birləşdirən əsas məqsəd - azarkeşlər və pilotlar üçün təhlükəsiz və problemsiz yarış atmosferi yaratmaqdır.

Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olublar, təlimatlar alıblar və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiriblər. Hər bir marşalın rolu öncədən müəyyənləşdirilib və bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.

"Formula-1" marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Onların əksəriyyəti "Formula-1"ə olan böyük sevgi və həyəcanla bu prosesə qoşulur. Bir çox marşal üçün bu, peşəkar karyeradan çox, fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.

Marşalların dəqiqliyi, intizamı və cəsarəti olmadan "Formula-1" mümkün olmazdı. Onların səssiz zəhməti sayəsində pilotlar yüksək sürətdə mübarizə aparır, azarkeşlər isə trekin həyəcanını təhlükəsiz şəraitdə izləyə bilirlər.

"Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025" 19-21 sentyabr tarixlərində Bakı şəhərinin mərkəzi küçələrində keçiriləcək.

XQ

 

Избранный
5
21
xalqqazeti.az

10Источники