RU

Ağstafada gənclərlə görüş keçirilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Ağstafada tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a SHXÇDX-dən məlumat verilib. Qeyd edilib ki, rayon icra hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüş Heydər Əliyev Mərkəzində olub.

Görüşdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov çıxışında müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar ətraflı məlumat təqdim edib.

Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət, bir sıra xidmətlərin rəqəmsallaşması barədə də geniş məlumat çatdırıb.

Sonra SHXÇDX-nın Ağstafa rayon şöbəsinin rəisi polkovnik Emin Bağırov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Vətən müharibəsinin iştirakçıları və şəhid ailələri də çıxış edərək təəssüratlarını bölüşüblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
9
azertag.az

10Источники